05/06/2020 07:28
728 x 90

Ermənistan Azərbaycana Su-30 və MiQ-35 satmaq istəyən Rusiyanı şantaja başladı...

Məhəmməd Əsədullazadə: “Ermənistanda hesab edirdilər ki, Rusiya Azərbaycana bu kimi təyyarələri satmayacaq”

img

Azərbaycan mütəxəssislərindən ibarət nümayəndə heyəti bu günlərdə Rusiyanın "Suxoy" şirkətinin və "MiQ" korporasiyasının zavodlarına səfər edib. Nümayəndə heyəti Rusiyada Su-35 və MiQ-35 döyüş təyyarələri istehsal edən hərbi zavodlarda olub.

Rusiyanın qlobal silah bazarının liderlərindən biri olan “Rosoboroneksport” şirkətinin nümayəndələri və hərbi zavodların rəhbərliyi ilə keçirilən görüşlərdə ölkəmizin Rusiya istehsalı olan ən müasir döyüş təyyarələrinin alınmasında maraqlı olduğu bildirilib. Rusiya tərəfi, öz növbəsində, Azərbaycana Hərbi Hava Qüvvələrimizin ehtiyaclarını ödəyəcək sayda döyüş təyyarələrinin təqdim edilməsinə hazır olduğunu bildirib.

Bu arada Ermənistan bundan narahat olmağa başlayıb. Erməni mediası Rusiyanı şantaj edir. İddia olunur ki, bir neçə il əvvəl Su-30 SM qırıcılarının Ermənistana təhvil verilməsi müzakirə edilərkən ekspertlər bunun Azərbaycanı Su-35-ləri almaqdan ötrü “razı salmaq” üçün edildiyini istisna etmədi: “Ötən ilin dekabrında Su-30 SM qırıcılarının birinci partiyası Ermənistana gəldi. Bu, hərbi-siyasi tarazlığı qorumaq baxımından havada erməni tərəfinin üstünlüyünün qarantı kimi qiymətləndirildi. Müdafiə naziri David Tonayan yanvar ayında Ermənistana növbəti aylarda ikinci bir partiyanın gələcəyini söylədi. Əslində, Rusiya, eyni zamanda, Azərbaycanın silahlanma prosesini davam etdirir və təsdiqləyir ki, Ermənistana tədarüklər yalnız “yağlı bir müştəri” əldə etmək üçündür. Neft bazarındakı vəziyyət çökməyə yaxın olduqda, Rusiya xüsusilə hərbi-sənaye müştərilərinə daha çox ehtiyac duyur”.

Erməni mediası belə rəy yaratmağa çalışır ki, guya Rusiya Su-30 SM qırıcılarını Ermənistana verməklə, Azərbaycanı sözügedən hərbi təyyarələri Rusiyadan almağa şirnikləndirir. Bununla Rusiya öz təyyarələri üçün daha sərfəli müştəri tapır. Ermənistan bu kimi şantaj vasitələrinə əl atır ki, Rusiya sözügedən təyyarələri Azərbaycana satmasın. 

  • “...ermənilər isterikaya düşərək Moskvanı şantaj edirlər”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, görünən odur ki, Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın inkişafı Ermənistanda ciddi narahatlığa səbəb olub: “Çünki bu ölkənin müttəfiq və havadarının artıq Azərbaycana yeni nəsil hərbi təyyarələr satması İrəvanı pat vəziyyətə qoyub. Ermənistanda  hesab edirdilər ki, Rusiya Azərbaycana bu kimi təyyarələri satmayacaq. Rusiya sözügedən təyyarələri regionda ancaq Ermənistana verməklə kifayətlənəcək. Ancaq proseslər heç də onların düşündüyü kimi olmadı. Artıq bu təyyarələrin Azərbaycana satılması razılaşma mərhələsindədir. Ona görə də ermənilər isterikaya düşüblər və Moskvanı şantaj edirlər. Onların cılız arqumentləri 102-ci Gümrü bazasının bağlanması, Qərbə inteqrasiya kimi absurd yanaşmalarıdır. Qəbul etmək istəmirlər ki, Ermənistan Rusiya üçün əhəmiyyətli ölkə deyil. Bu ölkə forpost olduğu üçün Rusiya istədiyi şəkildə Ermənistanla davranır. Ona görə də Ermənistan tərəfinin bu cılız şantajları əhəmiyyətsizdir. Bu gün Ermənistan Qarabağa görə girovdur və işğalçı mahiyyəti ölkənin normal bir dövlət olmasını əngəlləyir”.

Vidadi ORDAHALLI

Son xəbərlər