25/09/2020 11:55
728 x 90

Aydın Quliyev: "Cəmiyyət dövlət başçısı ilə birlikdə bütün təhlükələri dəf edə biləcəyinə ürəkdən inanır"

img

Koronavirusun yayılmasına qarşı bütün dünya ölkələrinin müəyyən tədbirlər həyata keçirdiyi hazırkı dövrdə Azərbaycanda görülən tədbirlər üstünlük və səmərəlilik mənasında bir neçə fərqli cəhətlərə malikdir.

Bunu Trend-ə açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda dövlətin antivirus fəaliyyətləri qabaqlayıcı, çoxşaxəli, ictimai və sosial maraqlarla sıx uzlaşdırılmış, praktiki və effektiv xüsusiyyətlərə malikdir: "Həyata keçirilən tədbirlər ictimaiyyətin istəklərinə və mənafelərinə uyğun olduğu üçün ümumi anlayış və fəal dəstəklə qarşılanır. Azərbaycanda virusun yayılmasına qarşı tədbirlər sistemli olmaqla miqyasına və məzmununa görə bir-birini tamamlayır. Azərbaycan o ölkələrdəndir ki, koronavirusla mübarizə kontekstində hansısa məsələdə gecikdiyi barədə fikir söyləmək mümkünsüzdür. Bəzi dünya ölkələrinin yaxınlaşan fəlakətin mahiyyətinə və fərqinə varmadığı dövrdə Azərbaycan artıq müdafiə işləri həyata keçirir və böhranın dərinləşə bilmək ehtimallarını sistemli şəkildə təhlil edirdi. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bir neçə məsələdə Azərbaycanın fəaliyyətinə yüksək qiymət verməsi təsadüf deyil. ÜST ekspertləri Azərbaycandakı tədbirlərin qabaqlayıcı və səmərəli mahiyyət daşıdığını qeyd edib.

Siyasi ekspert qeyd edib ki, virus əleyhinə işlərin vahid mərkəzdən idarə edilməsi Azərbaycanın ilk günlərdən nümayiş etdirdiyi mütərəqqi və orijinal fəaliyyət modelidir: "Şəxsən dövlət başçısı İlham Əliyevin rəhbərlik və təşkilatçılığı altında görülən geniş əhatəli tədbirlər öz səmərəsini verir və Azərbaycan dövlətinin istənilən fövqəladə situasiyaları idarə etmək sahəsində yetərli təcrübəyə və gücə malik olduğunu bir daha təsdiqləyir. Planlı işlərin məhz vətəndaşların naminə və onların iradəsinə uyğun həyata keçirilməsinin nəticəsidir ki, Azərbaycan az-az ölkələrin nail ola bildiyi ümumölkə miqyaslı birgə hərəkət modeli yarada bildi. Ölkədə atılan addımlara eyni vaxtda cəmiyyətdən, tək-tək insanlardan, vətəndaş cəmiyyəti institutlarından, iş adamlarından anlaşıqlı dəstək təmin edilib".

Ekspert bildirib ki, Prezidentin rəhbərliyi və təşkilatçılığı altında bütün Azərbaycan "hədəf bir, hərəkət bir" platformasında qərar tutub: "Operativ qərargahın ilk günlərdən atdığı addımların təhlili göstərir ki, vəziyyətin tam nəzarət altında saxlanması əsas prinsip kimi götürülür. Koronavirusla mübarizə Azərbaycanda milli təhlükəsizliyin ayrılmaz hissəsi kimi nəzərdən keçirilir və bu böyük həqiqətin cəmiyyətimiz tərəfindən tam anlaşılmasına nail ola bilmişik. Təqdirəlayiq nəticələrdən biri budur ki, Azərbaycan hakimiyyəti hələ virusun müalicəsinin tapılmadığı şəraitdə bütün mümkün addımları və resursları inamla ortaya qoymaqla cəmiyyətin nikbinliyini və sağlam sabaha inamını yüksək səviyyədə saxlamağa nail olur. Çünki Azərbaycan dövləti və şəxsən Prezident mübarizəni inamla aparır və xalqın naminə resursları səmərəli şəkildə lazımi istiqamətlərə yönləndirir. İlkin olaraq 10 milyon, bu günlərdə isə əlavə 20 milyon manat vəsaitin ayrılması Prezidentin ölkəni təhlükədən xilas etmək üçün bütün düşünülmüş addımları atacağını inamla söyləməyə əsas verir. Azərbaycanda həyata keçirilən tədbirlərin ən mühüm nəticəsi ölkəmizin başqaları ilə müqayisədə daha üstün səmərə əldə etməsidir. Ölkədə hər hansı panika yoxdur, sosial və xidmət sferasında işlər öz axarındadır, ümumi pessimist əhval-ruhiyyədən əsər-əlamət yoxdur. Ən əsası isə budur ki, cəmiyyət dövlət başçısı ilə birlikdə bütün təhlükələri dəf edə biləcəyinə ürəkdən inanır".

Son xəbərlər