Azərbaycan Prezidenti İlham Əliyev Cinayət Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.
Məcəlləyə əlavə edilən 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsinə görə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması, xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Azərbaycan Prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri də təsdiqləyib. Məcəllədə 211-ci maddəyə edilən dəyişikliyə görə, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.