25/09/2020 13:58
728 x 90

AŞPA və ATƏT rəsmiləri koronavirus dövründə Azərbaycanda yenidən “siyasi məhbus” nağıllarına başlayır

Vüqar Rəhimzadə: “Bu problem bizdə olmadığı halda, sözügedən qurumlar belə yalan iddia ilə çıxış edirlər”

img

AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Sunna Evarsdottir jurnalist Əfqan Muxtarlının azad edilməsini alqışlayıb.

Məruzəçi bildirib ki, Muxtarlının ardınca bütün siyasi məhbuslar azad edilməlidir: “Cənab Muxtarlının sınağının, nəhayət, bitdiyini və onun ailəsinə qovuşduğunu eşitmək mənim üçün çox xoşdur. Assambleya artıq Muxtarlını siyasi məhbus kimi tanıyıb, mən ötən ilin sentyabrında Azərbaycanda səfərdə olarkən ona baş çəkmişdim. Azərbaycan hakimiyyəti ölkənin Avropa Şurasının üzvü və Avropa İnsan Hüquqları Konvensiyasının iştirakçısı kimi öz öhdəliklərini yerinə yetirməsi, bütün siyasi məhbusları azad etməsi və bu sahədəki əsas sistemli problemləri həll etməsi üçün qətiyyətli addımlar atmalıdır”.

Öz növbəsində, ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi Arlem Dezir də bənzər mövqe sərgiləyib. Belə ki, o, Ə.Muxtarlının azad edilməsini dəstəkləyib: “Çoxdan gözlənilən azərbaycanlı jurnalist Əfqan Muxtarlının azadlığa buraxılmasını alqışlayıram. Onun işi ilə bağlı dəfələrlə Azərbaycan hakimiyyətinə müraciət etmişdim”.

Göründüyü kimi, yenə də sözügedən təşkilatlar Azərbaycanla bağlı bir sıra məsələləri təhrif edir və buna hər vasitə ilə siyasi don geydirməyə çalışırlar. Məgər həbsxanalarda siyasi motivlə cəza çəkən məhbus var? Məsələ ondadır ki, Azərbaycan siyasi məhbus məsələsini çoxdan qapadıb. Buna baxmayaraq, zaman-zaman bəzi beynəlxalq təşkilatlar guya Azərbaycanda belə bir problemin olduğunu uydururlar.

  • “Azərbaycanda kimliyinə və siyasi mənsubiyyətinə görə məsuliyyətə cəlb olunan yoxdur”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, AŞPA və ATƏT rəsmiləri Azərbaycanda siyasi məhbus probleminin olmadığını yaxşı bilirlər: “Sadəcə, bunu süni şəkildə uydurub Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə etmək istəyirlər. Bir sıra beynəlxalq qurumlar davamlı və sistemli şəkildə bəzi ölkələrə təzyiq etməkdən ötrü siyasi məhbus terminindən istifadə edirlər. Azərbaycana edilən təzyiqlərin kökündə ölkənin müstəqil siyasət yeritməsi dayanır. Görünən odur ki, bəzi Avropa təsisatları bunu həzm edə bilmirlər. Azərbaycanda siyasi məhbus problemi yoxdur. Bu problem bizdə olmadığı halda, AŞPA ilə ATƏT belə yalan iddia ilə çıxış edirlər. Hər bir fərd törətdiyi əmələ görə məsuliyyət daşıyır. Azərbaycanda kimliyinə və siyasi mənsubiyyətinə görə məsuliyyətə cəlb olunan yoxdur. Ancaq görünən odur ki, sözügedən qurumlar bunu süni şəkildə gündəmdə saxlamaq istəyir və bundan hansısa siyasi məqsədlər naminə faydalanmaq niyyəti güdürlər. Ona görə də belə yanaşmalar həqiqətdən uzaqdır. Hesab edirəm ki, bu cür fikirlər qeyri-obyektivdir və həqiqəti əks etdirmir. Bu fikirlər reallıqdan uzaq olduğu üçün qərəzli xarakterlidir. O üzdən, səslənən fikirlər qəbuledilməzdir”.

Vidadi ORDAHALLI

Son xəbərlər