Müəyyən gərginlik və fikir ayrılığından sonra Rusiya və Türkiyənin yenidən Suriyada fəaliyyətlərini koordinasiya etməsi əvvəlki qaydada Yaxın Şərqin geosiyasi mənzərəsinə ciddi surtədə təsir edir. Belə görünür ki, bu iki ölkə Yaxın Şərqdə hadisələrin inkişaf axarını müəyyən edən əsas güc mərkəzi statusunu yenidən özlərinə qaytarır. İndi maraq doğuran əsas məqam bu dövlətlərin yaxınlığının nə qədər davam edəcəyi və bunun başqa hansı məkanlarda özünü göstərəcəyidir.
Əslində, dünyanın geosiyasi müstəvisində baş verənlər biri-birinə yaxınlaşmanın həm Rusiya, həm də Türkiyə üçün vacib əhəmiyyət kəsb etdiyini ortaya qoyur. Eyni zamanda, bu iki ölkənin yaxınlaşmasından ciddi narahatlıq duyanlar da az deyil. Ermənistanın “İrates“ nəşri bu mövzuya toxunaraq yazır ki, Türkiyə və Moskva arasında yenidən sıxlaşan münasibətlər İrəvan üçün sərfəli deyil: “Bir neçə gün əvvəl Rusiya İdlibdə türk əsgərlərini öldürməkdə ittiham edilirdi və dünya yaranmış vəziyyətdə Moskva və Ankaranın artıq savaşa başlayacaqlarından danışırdı. Ancaq Prezident Rəcəb Tayyib Ərdoğanın son Moskva səfəri vəziyyəti kökündən dəyişdi. Rusiya - Türkiyə münasibətləri Suriyada yenidən normal məcraya döndü. Hətta Rusiya və Türkiyə ordusu Moskva zirvəsində əldə edilən razılaşmaya uyğun olaraq, martın 15-dən İdlibdə M4 magistralında birgə patrul xidmətinə başlayıblar.
Tərəflər arasında belə münasibətlərin Cənubi Qafqaza da təsirsiz ötüşməyəcəyi barədə əvvələr çox deyilib. Məsələ bundadır ki, Türkiyə bu regionda mövqelərini gücləndirməkdə maraqlıdır. Amma buna ən böyük əngəl Rusiyadır. İndi Türkiyə Rusiya əngəlini aradan qaldırır. Azərbaycan isə hər vəchlə Türkiyənin bölgədə güclənməsinə dəstək verməyə çalışır. Çünki bu şəraitdə Dağlıq Qarabağ münaqişəsini daha tez müddətdə öz lehinə həll edəcəyini düşünür.
Təbii ki, Ankara regionda güclənərsə, bu, Azərbaycan üçün məqbul olacaq. Ona görə də Ermənistan hər vəchlə prosesə mane olmağa çalışmalıdır. Amma bu, olduqca çətin missiyadır. Xüsusən də Rusiyanın Ermənistana etimadının azaldığı bir vaxtda“.
Qeyd edilənlərdən aydın görünür ki, Rusiya və Türkiyə arasında baş verənlər yenidən Ermənistanda böyük təşviş doğurur.
Politoloq Qabil Hüseynli bütün bunların heç də təsadüfi xarakter daşımadığını düşünür. Onun sözlərinə görə, Türkiyə və Rusiyanın regionda bir-birinə yaxınlaşması Ermənistanın maraqlarına uyğun gəlmir: “Bu gün İrəvanda belə bir düşüncə var ki, Türkiyənin regionda güclənməsi Ermənistanın bir ölkə olaraq varlığına təhlükədir. Əslində isə bu, ermənilərin özləri tərəfindən yaranan əsassız iddiadır. Ermənistanda bu gün də Türkiyə əleyhinə kampaniyalar aparılır. Ermənistan hər zaman Türkiyənin güclənməsindən ehtiyat edib. Təsadüfi deyil ki, Türkiyə əleyhinə aparılan bütün kampaniyalara Ermənistan dəstək verir. Bu isə ermənilərin Türkiyədən nə dərəcədə çəkindiklərini göstərir. Son illər Türkiyənin hərbi cəhətdən güclənməsi və regionda əməliyyatlar aparması, istər-istəməz, Ermənistan hakimiyyətində qorxu yaradır. Növbəti əməliyyatın Ermənistana qarşı ediləcəyini düşünürlər. Lakin bu iddiaların bir məntiqi əsası yoxdur. Çünki Türkiyə hər dəfə açıq şəkildə bütün dövlətlərin ərazi bütövlüyünə hörmət prinsipi ilə yanaşdığını qeyd edir”. Politoloq qeyd edib ki, Ermənistan hakimiyyəti Türkiyə və Azərbaycan əleyhinə müharibə ssenariləri yaratmağa və cəmiyyəti buna inandırmağa məcburdur: “Bu gün Ermənistan regionda bütün beynəlxalq layihələrdən kənarda qalıb. Bu da, istər-istəməz, ölkə daxilində iqtisadi problemlərə gətirib çıxarır. Heç kəsə sirr deyil ki, Ermənistanda iqtisadi gərginlik səbəbindən xalqla hakimiyyət arasında narazılıqlar günü-gündən artır. Bu mənada hakimiyyət narazı xalqın fikrini yayındırmaq üçün belə bir yola əl atır. Digər bir səbəb isə Ermənistanın Rusiyanın marağını regiona çəkmək istəyidir. Ermənistan hər zaman Rusiyanın vassalı olub və onun ayaqda qalması üçün Rusiya siyasi-iqtisadi və hərbi dəstəyini göstərib. İndi də iqtisadi gərginlik yaşayan Ermənistan bu cür informasiya manipulyasiyaları ilə Rusiyadan yəqin ki, iqtisadi güzəştlər əldə etməyə çalışır”.
İstənilən halda, görünən budur ki, Rusiya ilə Türkiyə arasında münasibətlərin yenidən yaxşılaşması Ermənistanda ciddi geosiyasi reaksiya yaradıb. Çünki bu iki böyük dövlətin yaxınlaşması regional və qlobal səviyyədə hiss ediləcək dəyişikliklərə səbəb ola bilər. Həmçinin, proses Yaxın Şərq və Cənubi Qafqazda maraqlı geosiyasi olayların meydana gəlməsini də mütləq mənada stimullaşdıracaq. Elə erməni tərəfini də narahat edən budur. Şübhəsiz ki, Moskva və Türkiyə məlum yaxınlaşma prosesində daha çox öz maraqlarını əsas götürür. Rusiya ilə Türkiyə iqtisadiyyat, turizm və energetika sahələrində qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bu, onların hər ikisi üçün səmərəlidir. Bununla yanaşı, baş verənlərin daha çox geosiyasi kontekstinin olduğunu inkar etmək olmaz. O cümlədən, Cənubi Qafqazda proseslər yeni məzmun ala bilər. Erməni ekspertlər hesab edirlər ki, bu, daha çox geosiyasi əhəmiyyətli Türkiyə və Azərbaycan faktoru ilə bağlıdır. Burada onu da xatırlatmaq yerinə düşər ki, məhz Azərbaycan iki böyük qonşu dövlət arasında əməkdaşlığın inkişafına özünün töhfələrini verməkdədir. İndi, faktiki olaraq, bir çox sahələr üzrə bu üç ölkənin əməkdaşlığından danışmaq mümkündür. Bu proses o dərəcədə inkişaf edib ki, artıq ekspertlər onun geosiyasi təsirindən bəhs edirlər. Rəsmi Bakı daha da irəli gedərək üç ölkəni əhatə edən layihələr irəli sürür. Məsələn, Azərbaycan müstəqil enerji və nəqliyyat siyasəti yeritməklə geosiyasi müstəvidə Rusiya və Türkiyə üçün də əhəmiyyəti olan nəticələr əldə edir. Nəticədə Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı regional və qlobal miqyasda geosiyasi və enerji-təhlükəsizlik, etibarlı nəqliyyat sisteminin yaradılmasına ciddi töhfələr verir. Digər tərəfdən, yuxarıda qeyd olunduğu kimi, Azərbaycan-Türkiyə-Rusiya əməkdaşlıq formatı Cənubi Qafqazda geosiyasi mühitin sabitləşməsinə töhfələr verə bilər. Şübhə yoxdur ki, Ermənistan məhz bu pozitiv məqamı hiss edib, Rusiya və Türkiyə yaxınlaşmasından əndişə keçirir.
Rusiyalı politoloq Vladimir Şapovalov isə bildirir ki, əslində, qarşıdakı dövr ərzində Rusiya və Türkiyənin daha da yaxınlaşmasını gözləmək olar: “Bunu şərtləndirən çoxsaylı səbəb var. Bura geosiyasi məqamlar da daxildir. Türkiyəyə qarşı bir neçə fəaliyyət nəticəsində ABŞ faktiki olaraq müttəfiqi Ankaranı itirib. Türkiyə de-fakto ABŞ-ın müttəfiqi olmaqdan çıxıb və hətta müəyyən mənada ABŞ-ın düşməninə çevrilib. Bu, ABŞ-ın Yaxın Şərq siyasətində fəlakətli nəticədir. Faktiki olaraq, ABŞ hazırda öz əlilə özünü etibarlı müttəfiqindən məhrum edib. Bu situasiyada ABŞ provokasiya vasitəsilə Rusiya və Türkiyə arasında gərginlik yaratmaq qərarı verib. Amma nəticə hasil olmayacaq. Əksinə, tərəflərin biri-birinə daha çox yaxınlaşmasını gözləmək olar. Bura təkcə Yaxın Şərq deyil, Liviya, Qafqaz, Mərkəzi Asiya və digər bölgələr də daxil ola bilər”.
Digər ekspertlər də hesab edirlər ki, Ankara Yaxın Şərq niyyətlərini uğurla reallaşdıra bilsə, bu prosesin davamlı olmasını, növbəti mərhələdə Cənubi Qafqazı, Mərkəzi Asiyanı əhatə etməsini gözləmək olar. Hazırda müşahidə olunan budur ki, Ankara Moskvanın yardımı ilə bu ərazilərdə mövqelərini gücləndirməyə getdikcə daha çox önəm verir. Ermənistan bundan narahat olduğundan, onun destruktiv mövqe tutmaqda davam etməsi gözləniləndir. Amma İrəvanın hansısa nəticə əldə edə bilməsi də mümkünsüz sayılır. Beləliklə, Ermənistan faktoru Rusiya-Türkiyə yaxınlaşması fonunda Cənubi Qafqazda daha zəif mövqe sahibi olacaq. Hesab edilir ki, bu gedişlə regionda ermənilərin proseslərə təsir amili ən zəif bir hala gələcək. Belə vəziyyət isə Azərbaycanın maraqlarına tam cavab verir. Çünki Türkiyə Dağlıq Qarabağ məsələsinin ədalətli həlli üçün zaman-zaman cəhdlər edib, Rusiya ilə münasibətlərin yaxınlaşmasından da istifadə edərək bu cəhdlərin miqyasını daha da genişləndirə bilər. Xatırladaq ki, Türkiyə dəfələrlə Rusiya rəhbərliyi ilə Qarabağ danışıqları aparıb. Moskva isə yaranmış vəziyyətdə Dağlıq Qarabağ məsələsinin Türkiyənin iştirakı ilə həllini istisna etmir. Ankara ilə Moskva arasında sıx strateji tərəfdaşlıq prosesə əlavə təkan verir. Eyni zamanda, burada nəzərə almaq lazımdır ki, Türkiyə-Rusiya yaxınlaşması ilə Moskva-Ankara-Bakı təhlükəsizlik üçbucağının yaradılması da mümkün hala gəlir. Sözsüz ki, bu da Qarabağ məsələsinə də birbaşa təsir edən amildir və münaqişə ətrafında yeni, unikal bir situasiyanın formalaşmasına gətirə bilər. Bu xüsusda ekspertlər xatırladırlar ki, Türkiyə-Rusiya münasibətləri yaxınlaşmağa başlayandan sonra Türkiyənin Suriyaya hərbi müdaxiləsi mümkün oldu. Bu, müəyyən qədər, Rusiya-Türkiyə anlaşması çərçivəsində baş tutdu. İndi proses məhz Qafqazda da özünü göstərə bilər. Qafqaz indiyə kimi Rusiyanın əhatə dairəsində olan siyasi-iqtisadi məkan sayılıb. Ona görə də Rusiya ilə anlaşmadan bu gün Qafqazda ciddi geosiyasət yürütmək çox çətin məsələdir. Bunu Ankara anlayır və Türkiyənin Qafqazda maraqlarını təmin etmək üçün Rusiya ilə işbirliyi bu fonda tamamilə məntiqi addım sayılır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.