Martın 18-də Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışı olub. Prezident İlham Əliyev açılışda iştirak edib və
Pirşağı stansiyasından qatarla Görədil dayanacağına yola düşüb.
Qarşıdan gələn bayram münasibətilə dəmiryolçuları təbrik edən Prezident İlham Əliyev deyib:
- Bakı şəhərinin ən önəmli nəqliyyat layihələrindən biri olan dairəvi dəmir yolu xətti Novruz bayramı ərəfəsində istismara hazırdır. Bu həm Bakı sakinlərinə, eyni zamanda, Sumqayıt şəhərinin, Abşeron rayonunun sakinlərinə xidmət göstərəcək. Ümumiyyətlə, bu imkandan milyonlarla insan istifadə edəcək. Beləliklə, şəhərimizin və Abşeron yarımadasının ən önəmli nəqliyyat layihələrindən biri olan dairəvi xətt tamamlanıb.
Bu xəttin bir tərəfə uzunluğu 91 kilometrdir, amma bütövlükdə, 200 kilometrə yaxın dəmir yolu çəkilişi təmin edilmişdir. Bu bir daha onu göstərir ki, Azərbaycan dövləti belə böyük layihələri həyata keçirməklə öz sosial siyasətini davam etdirir. Çünki bu dairəvi yolun tikintisinə qoyulan xərclər bəlkə də 100 ildən sonra ancaq büdcəyə qayıda bilər. Çünki bizdə dəmir yolu tarifləri çox aşağıdır. Bizim əsas məqsədimiz insanlar üçün gözəl imkanlar, rahat şərait yaratmaqdır.
Bu dəmir yolunun tikintisi, eyni zamanda, şəhər nəqliyyatına da müsbət təsir göstərəcək, tıxaclar, avtomobil yollarına düşən yük azalacaq, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ekoloji vəziyyəti yaxşılaşacaq. Çünki havanı çirkləndirən ən böyük amil nəqliyyat vasitələridir. Avtobuslara tələbat azalacaq, indi müəyyən marşrutlarda fəaliyyət göstərən avtobuslar digər marşrutlara köçürüləcək...
…Bundan sonra da işlər davam etdiriləcək. Mənə bu gün təqdim edilən xəritədə “Azərbaycan Dəmir Yolları” QSC-nin gələcək planları göstərilir. Digər qəsəbələrə, kəndlərə dəmir yollarının çəkilişi nəzərdə tutulur, layihələr hazırlanır. Biz tədricən bu işləri görəcəyik ki, Abşeron yarımadasının əksər qəsəbələri rahat dəmir yoluna sahib olsunlar.
Məhz ona görə hazırda ölkəmizdə koronavirusun yayılması o qədər də geniş vüsət almayıb. Ancaq bu, elə bəladır ki, heç bir ölkə özünü tam sığortalanmış hesab edə bilməz. Hətta ən inkişaf etmiş ölkələrdə indi yaşanan böhran göz qabağındadır. Ona görə hər bir vətəndaş məsuliyyətli olmalıdır, öz şəxsi gigiyenasına fikir verməlidir. Eyni zamanda, ictimai işlərlə, ictimai nəqliyyatla məşğul olan qurumlar da bu işləri tam məsuliyyətlə görməlidirlər, tam dezinfeksiya aparılmalıdır ki, yoluxma hallarının sayı çox olmasın.
Əlbəttə ki, hazırda bizim sərhədlərimiz bağlıdır. Ancaq yükdaşımalar üçün heç bir ölkə öz sərhədini bağlamayıb. Ona görə yükdaşımalar istiqamətində bizim işlər davam etdiriləcək. Əminəm ki, dövlətimiz və xalqımız bu sınaqdan da üzüağ çıxacaq.
Sizi bir daha ürəkdən təbrik edirəm, sizə yeni uğurlar arzulayıram.