Erməni mətbuatı iddia edir ki, böyük dövlətlər arasında geosiyasi nüfuz uğrunda gedən mübarizədə Ermənistanın rolu artır. Guya Ermənistan regionda aparıcı plasdarm rolunda çıxış edə bilər. Koronavirusla bağlı gedən proseslər fonunda ABŞ və Çin arasındakı nəhəng ərazidə əhəmiyyətli dəyişikliklərin olacağı ehtimalı yüksəkdir.
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, dünya koronavirusdan əvvəl olduğu kimi olmayacaq. O, virusdan əvvəlki vəziyyəti bərpa etmək üçün deyil, yeni reallıqlara hazır olmaq üçün addımların atılmasının lazım olduğunu qeyd edib.
Erməni mediası iddia edir ki, Çinin İrəvanda böyük səfirlik tikməsi təsadüfi deyil: “Hər iki nəhəng vaxtilə Ermənistanın xəritədə yerini öz səfirliklərinin böyüklüyü ilə müəyyən edib. ABŞ-ın Ermənistandakı səfirliyi öz həcminə görə dünyada ikincidir. Çinin İrəvanda tikdiyi səfirlik isə öz miqyasına görə Avrasiya məkanında Moskvadan sonra ikinci səfirlik olacaq. Burada söhbət ABŞ və Çinin miqyas nəhəngliyinə rəğbətindən getmir. Bu, İrəvanın regional plasdarm kimi nəzərdən keçirilməsi deməkdir”.
Qeyd edək ki, İrəvanda yeni Çin səfirliyi binasının əsası 2017-ci ildə qoyulub. Səfirlik üçün 40 hektarlıq sahə ayrılıb.
Ümumilikdə, erməni tərəfinin Ermənistanın regional roluna bu dərəcədə önəm verməsi nə dərəcədə əsaslıdır?
“Belə olan halda, deyilənlər reallığı əks etdirmir”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun fikrincə, erməni təhlilçiləri Ermənistanın rolunu şişirdirlər: “İrəvanda səfirliyin genişlənməsini guya Çin dövlətinin Ermənistana daha böyük əhəmiyyət verməsi və ticarət əlaqələrində maraqlı olması ilə bağlayırlar. Bu isə region ölkələrilə, xüsusilə də Rusiya ilə rəqabət deməkdir. Hesab edirəm ki, deyilənlər erməni mediasının məsələləri təhrif etməsindən irəli gəlir. Çünki nə qədər Çin tərəfi Ermənistanla əməkdaşlığa hazır olsa da, bu ölkə Avrasiya İqtisadi İttifaqının üzvü olaraq azad ticarət zonası və ya tarif rejiminin dəyişməsi haqqında danışıqlar aparmaq iqtidarında deyil. Ermənistan Çinlə yalnız Avrasiya İqtisadi İttifaqı çərçivəsində işləyə bilər. Bu, məsələnin bir tərəfi. Digər tərəfdən, Ermənistanın coğrafi mövqeyi bu ölkənin regionda plasdarm olmasına şərait yaratmır. Hansı plasdarmdan söhbət gedə bilər ki, Ermənistanın açıq dənizə çıxışı yoxdur. Ermənistan Rusiyanın patronajlığı altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunur. Bu ölkə müstəqil siyasət apara bilmir. Ölkədə hakimiyyət dəyişikliyi bu sahədə nəyisə dəyişməyib. Belə olan halda, deyilənlər reallığı əks etdirmir”.
Vidadi ORDAHALLI