Dünyanın bir nömrəli pandemiyasına çevrilən koronavirusla bağlı müxtəlif ölkələrdə olan göstəricilər beynəlxalq ictimaiyyətin təəccübünə səbəb olur. Xüsusilə də dünyanın inkişaf etmiş bəzi ölkələrində bu epidemiyanın geniş yayılması ciddi müzakirələrə yol açır.
Ən qəribəsi Ermənistanda olan vəziyyətdir. Həmin ölkənin Səhiyyə naziri Arsen Torosyanın verdiyi son məlumata görə, koronavirusa yoluxmaqda şübhəli bilinənlərin sayı 600 nəfərə çatıb: “Günün axırına kimi bizdə 600 nəfər izolyasiya edilən vətəndaş olacaq. Ehtimallara görə, onların sayı bir neçə yüz nəfər də artcaq”. Nazir qeyd edib ki, hələlik xəstəlik tam təsdiqini 84 nəfərdə tapıb. Yalnız bir nəfər müalicə edilib”.
Bizimlə eyni regionda yerləşən bu kiçik və demək olar ki, blokada şəraitində yaşayan ölkədəki koronovirusun yayılması ilə bağlı vəziyyətin belə acınacaqlı olmasının səbəbi nə ilə bağlı ola bilər?
Müqayisə üçün Nazirlər Kabineti yanında Operativ qərargahdan verilən son məlumata diqqət edək: “Azərbaycanda altı yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabil qiymətləndirilir.
Hazırda Azərbaycanda 27 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.
Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq”.
Göründüyü kimi, Azərbaycanla müqayisədə Ermənistandakı vəziyyət çox acınacaqlıdır.
Adil Qeybulla : “Ermənistanda bu xəstəliyin yayılması sürəti aprel ayında daha da artacaq”
Tibb elmləri doktoru, professor Adil Qeybulla qəzetimizə bildirdi ki, bu virusdan heç bir ölkə sığortalanmayıb: “Görürsünüz ki, dünyanın hətta inkişaf etmiş ölkələrində də yayılma faizi çoxdur. Sürətlə yayılmada başqa faktorlar da olur. Bura lazımi tədbirlərin görülməməsini aid edə bilərik. Hesab edirəm ki, Ermənistanda bu xəstəliyin yayılması sürəti aprel ayında daha da artacaq. Çünki yoluxanların əksəriyyəti hələ inkubasiya dövründədir. Xəstəlik bir müddət sonra tam aşkar edilir. Ermənistan nə qədər qapalı olsa da, xariclə təmasları var. Bir neçə şəxsin hətta təyyarə ilə xəstə halda hansısa ölkədən ora gəlməsi kifayət edir. Bunun üçün şərt deyil ki, insanlar əlində çanta quru yolla sərhədi keçsinlər. Əslində, sərhəd amili bu xəstəlik üçün qoruyucu amil sayılmır. İnsanlar fərd olaraq gigiyenalarına fikir verməlidirlər”.
Qahir Məmmədov: “Görünür, dövlət bu sahədə də qabaqlayıcı tədbirlər görməyib ki, koronavirus statistikasına görə onlar belə irəli gediblər”
Digər həkim Qahir Məmmədov isə hesab edir ki, Ermənistan kimi ölkədə belə statistikanın üzə çıxması düşünməyə əsas verir: “Bilirsiniz ki, onlarda bütün sahələrdə tənəzzül var. Görünür, dövlət bu sahədə də qabaqlayıcı tədbirlər görməyib ki, koronavirus statistikasına görə onlar belə irəli gediblər. Sizin səsləndirdiyiniz rəsmi rəqəmlərdir. Ola bilər ki, bir qədəri də gizlədilir. Onların öz mətbuatında məlumatlar yayılmışdı ki, ordularında da bu epidemiya geniş yayılıb”.
Məhəmmədəli QƏRİBLİ