Ermənistanda yeni növ koronavirusla bağlı fövqəladə vəziyyətin elan olunması bu ölkədə Konstitusiyaya dəyişikliklərin edilməsini də nəzərdə tutan referendumu təxirə salıb. Məlum olub ki, referendumun hansı tarixdə keçiriləcəyi hələ bəlli deyil. Lakin Ermənistan hökumətinin bu məsələyə koronavirusla bağlı vəziyyətin düzəlməsindən sonra geri qayıdacağı gözlənir.
Məlumat üçün qeyd edək ki, Ermənistan parlamenti fevralın 7-də növbədənkənar iclasında Konstitusiyanın dəyişdirilməsi üçün referendum keçirilməsi barədə qərar verib. Ermənistan Konstitusiyasına “Mənim addımım” fraksiyası tərəfindən hazırlanmış düzəlişlərə əsasən, Konstitusiya Məhkəməsi sədrinin və üzvlərinin səlahiyyətlərinə xitam verilməsi nəzərdə tutulur. Bu dəyişikliklər 9 hakimdən ikisinə – Vaqe Qriqoryanla Armen Dilanyana şamil edilmir. Digər 7 hakim və sədr Qrayr Tovmasyan isə yeni düzəlişlərin əsas hədəfidir. Paşinyan parlamentdə çıxışı zamanı Tovmasyanın üçüncü prezident Serj Sarkisyanın tərəfdarı olduğunu və Konstitusiya mətnini onun maraqlarına uyğun dəyişdiyini iddia edib.
O da məlumdur ki, Paşinyan iki il əvvəl cəmiyyətə verdiyi populist vədləri reallaşdıra bilmədi və bu səbəbdən onun reytinqi aşağı düşüb. Ermənistanda sosial-iqtisadi vəziyyətin yaratdığı fəsadlar get-gedə daha çox özünü göstərir. Paşinyan ictimai rəyin referenduma qarşı olduğunu bilsə də, öz məqsədlərini reallaşdırmaq üçün bunda qərarlı idi. Ancaq məlum vəziyyət onu referendumu təxirə salmağa məcbur etdi. Bütün hallarda, Paşinyan referendumu təxirə salmaqla canını ölkədəki sosial-siyasi ziddiyyətlərdən qurtara biləcəkmi?
“Ancaq ölkədəki müxtəlif ziddiyyətlərdən və sosial problemlərdən xilas ola bilməyəcək”
Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, bu mümkün deyil: “Çünki Ermənistanda cərəyan edən son hadisələr bu ölkənin sosial-iqtisadi sahəsində olduğu kimi, siyasi həyatda da problemlərin artdığından xəbər verir. Belə görünür ki, Paşinyan hakimiyyəti ilə sabiq iqtidar təmsilçiləri arasında kəskinləşən qarşıdurma ölkədə yeni xaosun formalaşmasına zəmin yaradır, ictimai-siyasi proseslərin daha gərgin mərhələyə qədəm qoyduğunu göstərir. Ölkədə keçirilməsi nəzərdə tutulan Konstitusiyaya dəyişikliklərin koronavirusa görə təxirə salınması Pşainyanın işinə qismən yaradı. Bununla o bir qədər vaxtı uzatdı. Çünki ermənilər hazırkı situasiyadan narazılıqlarını bildirirlər. Onlar hesab edirlər ki, bununla Paşinyan öz diktaturasını yaratmaq istəyir. Digər tərəfdən, Paşinyan referenduma getməsə, “Qarabağ klanı”ndan asılı olacaq. Gedərsə, xalqın ona etimadının tükəndiyinin şahidi olacaq. Ona görə də koronavirus pandemiyası Paşinyan üçün müəyyən vaxt qazanmasına səbəb oldu. Onun İrəvan küçələrində bukletlər paylayarkan yaşanan xoşagəlməz hallar ona qarşı ciddi narazılığın işartılarını göstərir. Hesab edirəm ki, referendumun keçirilməsindən sonra Paşinyan öz hakimiyyətini gücləndirsə, ona qarşı xalqın narazılığı baş qaldıracaq. Çünki onun hakimiyyətinin vəd etdiyi kimi, inqilabi sosial islahatlara gedilmədi. Hesab edirəm ki, Paşinyan referendumu təxirə salmaqla müəyyən dərəcədə siyasi gedişlər edəcək. Ancaq ölkədəki müxtəlif ziddiyyətlərdən və sosial problemlərdən xilas ola bilməyəcək. Bir sözlə, Ermənistan cəmiyyətində Paşinyana qarşı narazılıqlar azalmayacaq”.
Vidadi ORDAHALLI