Qusar rayonu Əniq kənd sakini Qızbacı Osmanovanın evində iyunun 21-də baş verən yanğın az qala onun və 3 azyaşlı nəvəsinin həyatı bahasına başa gələcəkdi. Kənd sakinlərinin vaxtında müdaxiləsi nəticəsində ev sahibi və nəvələrinin həyatını xilas etmək mümkün olub. Amma yanğının qarşısı alınsa da, Q.Osmanovanın evi yaşamaq üçün tamamilə yararsız vəziyyətə düşüb.
DİN Mətbuat Xidmətindən "Bakı-Xəbər"ə verilən məlumata görə, Əniq kənd sakinləri çətin durumda qalan Osmanovlar ailəsinin üzləşdiyi problemin aradan qaldırılmasına köməklik göstərilməsi üçün Qusar Rayon Polis Şöbəsinin Şahdağ Polis Bölməsinə müraciət edib.
Bölmə rəisi, polis mayoru Səbuhi Rüstəmov vətəndaşlarla görüşərkən onların xahişini nəzərə alaraq, Q.Osmanovanın evinin yenidən təmir olunmasına yardım edəcəyinə söz verib. Artıq yanan evdə təmir işlərinə başlanıb və yaxın günlərdə Osmanovlar ailəsi təmir olunmuş evlərində yaşaya biləcək.