Hüseyn İbrahimov: “Bu, münasibətlərin daha geniş strateji tərəfdaşlıq mərhələsinə keçdiyindən xəbər verir”
Son həftələr Azərbaycan diplomatiyasında Avropa istiqaməti xeyli fəallaşıb. Dublin Zirvəsində Prezident İlham Əliyevin Aİ və Britaniya liderləri ilə görüşləri, iki ölkə arasında Strateji tərəfdaşlığa dair Birgə Bəyannamə imzalanması, ardınca Prezidentin köməkçisi Hikmət Hacıyev və xarici işlər nazirinin müavini Samir Şərifov Brüsseldə NATO və Aİ rəsmiləri ilə danışıqlar aparıb.
Noyabrın son günlərində isə diplomatik təmaslar Bakıya transfer edib. İtaliya XİN başçısı Antonio Tayani, Monteneqro Baş naziri Miloyko Spayiç, Gürcüstan XİN rəhbəri Maka Boçorişvili, Litva XİN başçısı Kestutis Budris artıq Bakıda görüşlər keçirib. Litva ilə Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalanıb. Noyabrın 27-də isə Estoniya XİN rəhbəri Marqus Tsahkna səfirliyin rəsmi açılışı üçün paytaxtımıza gəlir. XİN rəhbəri Ceyhun Bayramov Aİ ölkələri ilə viza prosedurlarının asanlaşdırılmasının Bakı üçün əsas prioritetlərdən biri olduğunu bildirib.
Ümumilikdə, Avropa rəsmiləri ilə bütün bu sıx təmaslar nədən xəbər verir? Bu, nə kimi perspektivlər vəd edir?
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən sosioloq Hüseyn İbrahimov buna bir neçə prizmadan yanaşdı: “Azərbaycan regionda elə bir mövqeyə, nüfuza malikdir ki, bütün güc mərkəzləri ölkəmizlə əməkdaşlığa xüsusi önəm verirlər. Azərbaycan yaxın qonşularla qarşılıqlı əməkdaşlıq və dialoq müstəvisində öz siyasətini qurur. Azərbaycan bütün dövrlərdə Avropa ilə əməkdaşlığa xüsusi önəm verib. Avropa İttifaqı ölkələri ilə əlaqələrini inkişaf etdirib. Avropa Şurasında bir sıra hallarda Azərbaycana münasibətdə haqsızlıq edilsə də, dialoq müstəvisində məsələlərin həlli prioritet olub. Avropa rəsmilərinin Azərbaycanla təmaslarını intensivləşdirməsi tərəflər arasındakı münasibətlərin enerji əməkdaşlığı çərçivəsindən çıxaraq daha geniş strateji tərəfdaşlıq mərhələsinə keçdiyindən xəbər verir. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin edəndən sonra regionda yeni reallıqlar formalaşıb. Çünki ərazilərimizin işğal altında olanda ölkəmiz daha çevik vanevrlər edə bilmirdi. Artıq belə bir problem yoxdur. Avropanın enerji mənbələrini şaxələndirmək ehtiyacı fonunda Azərbaycan əsas təbii qaz təchizatçılarından biri kimi mövqeyini qoruyur və "yaşıl enerji" dəhlizlərinin qurulmasında aparıcı tərəfdaş kimi çıxış edir. Aİ-nin "Global Gateway" təşəbbüsü çərçivəsində Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) və Naxçıvan dəmir yolu layihəsinin inkişafı üçün birgə investisiya proqramları və qrant paketləri reallaşdırılır. Azərbaycanın Aİ-nin əsas ticarət tərəfdaşlarından birinə çevrilməsi və 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə toplantısına Bakının ev sahibliyi edəcəyi barədə qərar ölkənin Avropa siyasi məkanındakı çəkisini təsdiqləyir. Azərbaycan Orta Dəhlizin ən vacib həlqəsidir. Bütün bunlar Azərbaycanın Avropa üçün strateji önəmini daha da artırır. Bütün bu uğurlar Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir”.
Vidadi ODAHALLI