Firdovsi Şahbazov: “Əldə edilmiş razılaşmaya əsasən Naxçıvana maneəsiz gediş-gəliş təmin ediləcək”
Ermənistan TRIPP layihəsi çərçivəsində Azərbaycanı Naxçıvanla birləşdirəcək dəmir yolu xəttinin tikintisinə 2027-ci ildə başlamağı planlaşdırır. Bunu Ermənistanın xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vaan Kostanyan ölkəsinin İctimai Televiziyasının efirində bildirib.
Onun sözlərinə görə, TRIPP çərçivəsində Bakıdan Naxçıvana uzanacaq dəmir yolu xəttinin keçəcəyi marşrut artıq müəyyənləşdirilib. Hazırda gələcək dəmir yolu xəttinin çəkiləcəyi ərazidə təmizləmə işləri aparılır: “Dəmir yolu xəttinin marşrutu bəllidir. Hazırda ərazinin təmizlənməsi ilə bağlı müəyyən işlər aparılır. Bu, gələn il dəmir yolunun tikintisinə başlaya bilməyimiz üçün edilir”.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun fikrincə, belə məlum olur ki, dəmir yolunun tikintisinə 2027-ci ildə praktiki start veriləcək: “Hazırda görülən işlər buna hazırlıq prosesini özündə ehtiva edir. TRIPP layihəsinin reallaşması üçün bu ərazidə ilk növbədə dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulub. Əldə edilmiş razılaşmaya əsasən Naxçıvana maneəsiz gediş-gəliş təmin ediləcək. Nəzərə almaq lazımdır ki, SSRİ vaxtı həmin ərazidən dəmir yolu xətti keçib. Ancaq iki ölkə arasında müharibə səbəbindən dəmir yolu 30 ildən çox istifadəsiz qaldığı üçün dəmir yolu xətti və infrastruktur tamamilə yararsız vəziyyətə düşüb. Ona görə də sözügedən dəmir yolu tamamilə yenidən qurulmalıdır. TRIP hər iki ölkə üçün çox böyük iqtisadi fayda gətirəcək. Sözügedən yolun istifadəyə verilməsinin Azərbaycan və Ermənistan üçün iqtisadi üstünlüyü böyük olacaq. Bu, hər iki ölkə üçün çox böyük iqtisadi fayda gətirəcək. Azərbaycan üçün ən böyük qazanc məsafə və vaxt qənaətidir. Bu gün Naxçıvana yük aparmaq üçün ya İran, ya da Gürcüstan və Türkiyə üzərindən dolanmaq lazımdır. Yeni xətt bu yolu qısaldacaq. Azərbaycan Naxçıvanla birbaşa və fasiləsiz əlaqə quracaq. Naxçıvanın iqtisadiyyatı daha sürətlə və hərtərəfli inkişaf edəcək. Bütün bunlar Orta Dəhliz üzrə daşımaları artıracaq. Azərbaycan üçün bu, həm tranzit gəliri, həm də regionda nəqliyyat mərkəzi statusunu gücləndirəcək”.
Vidadi ORDAHALLI