Baltik dənizində Rusiya ilə NATO arasında mümkün hərbi qarşıdurmanın qarşısını almaq üçün Finlandiya və Norveçin rəhbərliyi gizli diplomatik kanallardan istifadə edib. “The Wall Street Journal” nəşrinin məlumatına görə, Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe Moskva ilə gərginliyi azaltmaq üçün pərdəarxası təmaslar qurublar.
Nəşr yazır ki, oktyabrın 27-də Vladimir Putinlə keçirilən telefon danışığının əsas mövzularından biri də Baltik dənizində vəziyyətin nəzarətdən çıxmasının qarşısını almaq olub. Şimali Avropa liderləri Kremlə NATO-nun Rusiyanın neft ixracını dayandırmaq və ya Baltik dənizində blokada yaratmaq niyyətində olmadığına dair mesaj çatdırmağa çalışıblar.
Bu məqsədlə onların Kremlə çıxışı olan rusiyalı milyarderdən vasitəçi kimi istifadə etdiyi bildirilir. Adı açıqlanmayan iş adamı Norveç rəsmiləri ilə məsləhətləşdikdən sonra Moskvaya qayıdaraq Putinə Qərbin mövqeyini çatdırıb.
Gərginliyin əsas səbəblərindən biri Rusiyanın dəniz yolu ilə neft ixracının 60 faizdən çoxunun Baltik dənizindən keçməsidir. Regionun NATO üzvü olan ölkələrlə əhatələnməsi Moskvanın mümkün məhdudiyyətlərlə bağlı narahatlığını artırır. Məlumata görə, Rusiya hərbi gəmiləri tankerləri müşayiət edir və Qərb qüvvələrinin onları yoxlamaq cəhdlərinə mane olur.
Moskva hərbi qarşıdurma ehtimalına qarşı bölgədə müdafiə tədbirlərini də gücləndirib. Kalininqradda əlavə radarlar, pilotsuz uçuş aparatları və radioelektron mübarizə sistemləri yerləşdirilib. Bundan başqa, Rusiya kommersiya gəmilərinin müdafiəsi məqsədilə hərbi gücdən istifadəni nəzərdə tutan qanun qəbul edib.
Putin daha əvvəl Qərbin Rusiya tankerlərini saxlamaq cəhdlərini “piratlıq və quldurluq” adlandıraraq cavab tədbirləri ilə hədələmişdi. Nəşrin iddiasına əsasən, Kreml sentyabr ayında NATO-ya Baltik regionunda Rusiya maraqlarını qorumaq üçün qabaqlayıcı nüvə zərbəsi ehtimalı barədə də xəbərdarlıq göndərib.
Finlandiya və Norveçin diplomatik təşəbbüsü isə Avropa daxilində narazılıq yaradıb. Danimarka xüsusilə bu təmasların digər müttəfiqlərlə əvvəlcədən razılaşdırılmamasından narahatlığını ifadə edib. Beləliklə, Baltik dənizində artan gərginlik təkcə Moskva ilə NATO arasında deyil, Qərb müttəfiqlərinin öz daxilində də fikir ayrılıqlarını üzə çıxarıb.
Tahir TAĞIYEV