Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan barəsində daha bir cinayət işi üzrə ittiham irəli sürülüb. Bu barədə Ermənistan mətbuatı yazır ki, Tonoyan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, bunun ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olmasında ittiham olunur.
Eyni iş üzrə Ermənistan Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin keçmiş rəisi Norayr Yolçyan da təqsirləndirilir. O, Tonoyana kömək etməkdə, nəticədə dövlətin qanuni maraqlarına ciddi zərər vurulmasına və bunun ehtiyatsızlıqdan ağır nəticələrə gətirib çıxarmasına şərait yaratmaqda ittiham olunur.
Noyabrın 24-də iş Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin hakimi Aram Qriqoryanın icraatına verilib. Məlumata görə, hər iki təqsirləndirilən şəxs barəsində ölkəni tərk etməmək qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bu, David Tonoyana qarşı başlanmış ikinci cinayət işidir. 2021-ci il sentyabrın 30-da Ermənistan Milli Təhlükəsizlik Xidməti Tonoyanın və silah tədarükü ilə məşğul olan David Qalstyanın külli miqdarda mənimsəmə şübhəsi ilə saxlanıldığını açıqlamışdı. Həmin gün onlar barəsində həbs qətimkan tədbiri seçilmişdi.
Əvvəlki iş çərçivəsində Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının sabiq rəisi Artak Davtyan, onun keçmiş müavini Stepan Qalstyan, Müdafiə Nazirliyinin Aviasiya İdarəsinin aviasiya-texniki əmlak xidmətinin rəisi Artem Ambaryan və idarənin baş mühəndisi Vladimir Babayan da ittiham olunublar.
Tahir TAĞIYEV