Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə mümkün hakimiyyət dəyişikliyi və özündən sonrakı siyasi gələcəklə bağlı mövqeyini açıqlayıb. O, növbəti dövlət başçısının kim olacağına dair qərarın xalqın iradəsi ilə veriləcəyini bildirib.
Fransanın “Le Point” jurnalına müsahibəsində bu məsələyə toxunan Lukaşenko 1994-cü ildə hakimiyyətə gəlişini nümunə göstərib. Onun sözlərinə görə, həmin vaxt vətəndaşlar öz seçimlərini edərək onu prezident seçiblər və gələcəkdə də ölkə rəhbəri seçkilər vasitəsilə müəyyənləşdirilməlidir.
Belarus lideri hakimiyyətin ötürülməsi və siyasi varis məsələsi ətrafında müzakirələrə münasibət bildirərkən bu prosesin əvvəlcədən müəyyənləşdirilmiş ssenari üzrə aparılmayacağını vurğulayıb.
Lukaşenko etiraf edib ki, vəzifəsini tərk edəcəyi zaman müəyyən namizədlərə münasibəti və şəxsi üstünlükləri ola bilər. Bununla belə, onun fikrincə, bu seçimlər ictimaiyyətin düşündüyü kimi olmayacaq. O, hakimiyyətin ötürülməsi və ya keçidi ilə bağlı müzakirələri də yersiz hesab etdiyini bildirib.
Belarus Prezidenti bir daha bəyan edib ki, özündən sonra ölkəyə kimin rəhbərlik edəcəyini müəyyənləşdirmək xalqın səlahiyyətində olacaq.
Tahir TAĞIYEV