Noyabrın 26-na keçən gecə Ukrayna dronları Rusiyanın Stavropol diyarındakı Nevinnomıssk şəhərinin sənaye zonasına hücum edib. Bölgə qubernatoru Vladimir Vladimirov bir neçə pilotsuz aparatın vurulduğunu bildirsə də, hücumun nəticələri barədə məlumat verməyib.
“Astra” nəşrinin yaydığı görüntülərə əsasən, hücumun hədəfi Şimali Qafqazın böyük hissəsini elektrik enerjisi ilə təmin edən 1551 meqavat gücündə Nevinnomıssk istilik elektrik stansiyası olub. Məlumata görə, stansiyanın 410 meqavatlıq enerji bloku zərbəyə məruz qalıb. Dağıntılar və mümkün xəsarət alanlarla bağlı rəsmi açıqlama yoxdur.
Stansiyanın yaxınlığında Rusiyanın hərbi-sənaye kompleksi üçün partlayıcı maddə komponentləri istehsal edən “Nevinnomıssk Azot” zavodu yerləşir. Müharibə başlayandan müəssisə ən azı altı dəfə dron hücumuna məruz qalıb.
Hücum Rusiyada enerji infrastrukturunun təhlükəsizliyi ilə bağlı narahatlıqların artdığı dövrdə baş verib. Rusiya baş nazirinin müavini Marat Xusnullin qış mövsümünə hazırlıq məsələsinin, xüsusilə Ukrayna ilə sərhədyanı bölgələrdə, ciddi problemə çevrildiyini bildirib.
Belqorod meri isə ötən qış şəhərin enerji obyektlərinə 34 kütləvi hücum edildiyini, nəticədə avadanlıqların ciddi zərər gördüyünü və istilik sisteminin 17 dəfə yenidən işə salındığını açıqlamışdı.
Tahir TAĞIYEV