ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Zelenskinin Rusiya ilə müharibənin başa çatdırılması üçün yanvar ayına qədər sülh razılaşmasına nail olunması barədə açıqlamasına ironik münasibət bildirib.
“New York Post”un məlumatına görə, jurnalistlər Trampdan Zelenskinin ABŞ prezidentinin xüsusi elçiləri Cared Kuşner və Stiv Uitkoffun müharibəni mümkün qədər tez dayandırmaq, yanvar ayına qədər razılaşma əldə etmək istədikləri barədə sözlərini soruşublar.
Tramp əvvəlcə gülümsəyərək “Bunu kim deyib?” sualını verib, daha sonra isə “O, məndən nə etməyimi istəyir?” deyə cavablandırıb.
ABŞ prezidenti müharibənin uzanmasını tərəflərin razılığa gəlməməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, münaqişənin başa çatması üçün hər iki tərəfin buna hazır olması vacibdir.
“Bizim müəyyən edilmiş vaxt çərçivəmiz yoxdur. Sadəcə, bunun başa çatmasını istəyirəm. İstərdim ki, bu gün həll olunsun, amma bunun üçün iki tərəf lazımdır”, – Tramp bildirib.
O, Rusiya Prezidenti Putin və Zelenskinin sülhə münasibətinin zaman-zaman dəyişdiyini də iddia edib: “Bəzən Putin hazır görünür, Zelenski isə yox. Bəzən Zelenski bunu başa çatdırmaq istəyir, Putin isə hazır olmur. Hansı gündən danışmağımızdan asılıdır”.
Tahir TAĞIYEV