Akif Nağı: “Gürcüstan tərəfi də nəzərə almalıdır ki, Azərbaycan öz ərazi bütövlüyü və suverenliyi məsələsində güzəştə gedən dövlət deyil”
Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib ki, Gürcüstan və Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı müəyyən işlər görülür.
Gürcü nazir qeyd edib ki, bu proses qarşılıqlı hörmət əsasında aparılır:
“Bu məsələlər üzrə müvafiq komissiya mövcuddur. Onlar müntəzəm rejimdə işləyir, toplaşır, görüşür, bir-biri ilə əməkdaşlıq edir, proseslə bağlı məsələləri müzakirə edir. Təbii ki, prosesin irəliləməsi üçün hər iki tərəf çalışmalıdır və əlbəttə ki, bu istiqamətdə irəliləyiş olarsa, bunu alqışlayarıq.
Bu, bir-birinin maraqlarının maksimum dərəcədə nəzərə alınması və qarşılıqlı hörmət əsasında davam edən kifayət qədər mühüm prosesdir”-deyə gürcü nazir qeyd edib.
Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili deyib ki, sərhədlərin delimitasiyası üzrə bir irəliləyiş olarsa biz məmnun qalarıq və bunun üçün hər iki tərəf çalışmalıdır.
Burada nə var? Belə hiss olunur ki, prosesdə nə isə bir durğunluq var, proses haradasa ilişib, sərhədlərin delimitasiyasında çətinlik yaranıb. Nə ola bilər ki, nazir belə deyir? Görsənir ki, xoşagəlməyən bir səbəb üzündən proses dayanıb. Yəni buna şübhə var.
Maka Boçorişvilinin bu açıqlamasında diqqət çəkən məqam məhz “sərhədlərin delimitasiyası üzrə irəliləyiş olarsa, biz sevinərik, hər iki tərəf çalışmalıdır” ifadəsidir.
Ekspertlərə görə, bu ifadə diplomatik baxımdan müəyyən suallar doğurur. Çünki Gürcüstan tərəfi sadəcə prosesin davam etdirilməsinin vacibliyini vurğulamır, eyni zamanda irəliləyişin hələ əldə olunmadığını da dolayısı ilə etiraf edir.
Ancaq bunu hələ prosesin tam dayandırılması və ya tərəflər arasında ciddi narazılığın sübutu kimi qiymətləndirmək olmaz. Burada araşdırılmalı bir neçə məsələ var:
Razılaşdırılmamış ərazilər: Sərhəd xəttinin bəzi hissələrində tarixi xəritələr, sovet dövrünə aid sənədlər və ərazi iddiaları ilə bağlı fikir ayrılıqları ola bilər.
Siyasi həssaslıq: Sərhəd məsələsi təkcə texniki deyil, həm də siyasi məsələdir. Hər iki ölkə üçün ərazi bütövlüyü və suverenlik prinsipləri mühüm əhəmiyyət daşıyır.
Danışıqların tempi: Komissiyaların fəaliyyəti davam etsə də, konkret razılaşmaların əldə olunmasında çətinliklər yarana bilər.
Lakin məsələ ilə bağlı daha konkret və diqqətçəkən faktlar da var.
30 oktyabr 2026-cı ildə Gürcüstanın Baş naziri İrakli Kobaxidze açıq şəkildə bildirib ki, Azərbaycanla sərhədlərin delimitasiyası məsələsində uzun illərdir irəliləyiş yoxdur. Onun sözlərinə görə, razılaşdırılmamış 15 sərhəd sahəsi mövcuddur və tərəflər bu istiqamətdə işi sürətləndirməlidirlər.
Ən həssas məsələlərdən biri isə David Qareci (Keşikçidağ) monastır kompleksi və onun ətrafındakı ərazilərlə bağlıdır.
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvilinin sərhədlərin delimitasiyası ilə bağlı açıqlaması müəyyən suallar doğurur. Onun “irəliləyiş olarsa, biz sevinərik” ifadəsi əslində prosesdə ciddi nəticələrin əldə edilmədiyini göstərir.
Azad Vətən Partiyasının sədri Akif Nağı baki-xeber.com-a bildirdi ki, Azərbaycanın bəzi qonşu ölkələrlə sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri hələ də tam həllini tapmayıb. “Ermənistanla bu istiqamətdə kifayət qədər ciddi problemlər mövcuddur. Təəssüf ki, Gürcüstanla da müəyyən məsələlər qalmaqdadır. Hesab edirəm ki, bu məsələlər uzadılmadan, qarşılıqlı anlaşma və beynəlxalq hüququn prinsipləri əsasında həll edilməlidir.
Azərbaycanla Gürcüstan arasında təxminən 480 kilometrlik dövlət sərhədi var. Bu sərhədin böyük hissəsi üzrə delimitasiya məsələləri razılaşdırılsa da, bəzi ərazilərlə bağlı fikir ayrılıqları qalır. Əsas mübahisəli məsələlərdən biri Keşikçidağ ərazisi və oradakı monastır kompleksidir. Gürcüstan tərəfi həmin dini abidənin özünə məxsus olduğunu iddia edir və ərazi ilə bağlı müxtəlif təkliflər irəli sürür. Bura ya bu ərazinin Gürcüstana verilməsi, ya birgə nəzarət mexanizminin yaradılması və ya gürcü dindarlarının həmin məkanda ibadət etməsi üçün şəraitin təmin olunması kimi yanaşmalar daxildir.
Lakin burada əsas prinsip Azərbaycanın ərazi bütövlüyünün və tarixi-hüquqi hüquqlarının qorunmasıdır. Azərbaycan tərəfi öz mövqeyində kifayət qədər prinsipialdır və ölkənin suveren hüquqlarına xələl gətirəcək hər hansı güzəştə getmək niyyətində deyil.
Son dövrlərdə bu istiqamətdə proseslərin sürətləndirilməsi üçün müəyyən addımlar atılıb. Azərbaycan Prezidenti tərəfindən delimitasiya və demarkasiya prosesinin intensivləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib, komissiyanın tərkibinə yenidən baxılıb və yeni təyinatlar həyata keçirilib. Tərəflər arasında Tbilisidə keçirilən görüşlərdə də prosesin sürətləndirilməsi məsələsi müzakirə olunub. Gürcüstanın xarici işlər nazirinin Azərbaycana səfəri zamanı keçirilən görüşlərdə bu mövzu yenidən gündəmə gətirilib.
Əlbəttə, biz də istəyirik ki, Azərbaycanla Gürcüstan arasındakı bütün sərhəd məsələləri öz həllini tapsın, mövcud fikir ayrılıqları aradan qalxsın. Ancaq bu həll Azərbaycanın milli maraqları, ərazi bütövlüyü və tarixi-hüquqi əsasları hesabına baş verməməlidir.
Burada başqa bir mühüm məqamı da qeyd etmək lazımdır. Azərbaycan Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə daim hörmətlə yanaşıb. Gürcüstan ərazisində yaşayan azərbaycanlıların tarixi vətəni olan Borçalı məsələsində də Azərbaycan hər zaman konstruktiv mövqe nümayiş etdirib. Gürcüstanın unitar dövlət quruluşuna hörmətlə yanaşıb, separatçı meyilləri dəstəkləməyib və bu istiqamətdə hər hansı addım atmayıb.
Belə olan halda, qarşılıqlı münasibətlərdə eyni yanaşmanın Azərbaycana münasibətdə də nümayiş etdirilməsi vacibdir. Gürcüstan tərəfi Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və tarixi-hüquqi əsaslarına hörmətlə yanaşmalıdır. Bir tərəfin digərinin ərazi bütövlüyünü tanıdığı və qoruduğu şəraitdə qarşı tərəfdən də eyni prinsipial mövqe gözləməsi tamamilə təbiidir”.
A.Nağı hesab edir ki, Azərbaycan bu məsələnin həllində beynəlxalq hüquqa, tarixi faktlara və özünün qanuni ərazi hüquqlarına əsaslanacaq. “Azərbaycan rəhbərliyi ilə Gürcüstan rəhbərliyi arasında mövcud siyasi təmaslar, baş nazirlər səviyyəsində keçirilən görüşlər də problemin həlli üçün əlavə imkanlar yaradır.
Biz istəyirik ki, bu məsələ tezliklə həllini tapsın. Onu süni şəkildə uzatmağın heç bir mənası yoxdur. Gürcüstan tərəfi də nəzərə almalıdır ki, Azərbaycan öz ərazi bütövlüyü və suverenliyi məsələsində güzəştə gedən dövlət deyil. Bu məsələdə qarşılıqlı hörmət, reallıqların qəbul edilməsi və beynəlxalq hüquqa əsaslanan yanaşma əsas götürülməlidir”-deyə A.Nağı qeyd etdi.
İradə SARIYEVA