Məhəmməd Əsədullazadə: “Onlar müxtəlif vasitələrlə ölkəmizə təzyiq göstərməyə, beynəlxalq mövqelərini zəiflətməyə çalışırlar”
Azərbaycanın 2027-2029-cu illər üzrə ATƏT-ə sədrlik paketində namizədliyini irəli sürməsi bəzi beynəlxalq dairələri narahat edir. Noyabrın 23–24-də İşgəncələrə Qarşı Dünya Təşkilatı (OMCT), Beynəlxalq İnsan Hüquqları Federasiyası (FIDH), "Freedom Now" və müxtəlif ölkələrin Helsinki komitələri də daxil olmaqla 46 yerli və beynəlxalq QHT ATƏT iştirakçı dövlətlərinə müraciət ünvanlayıb.
Onu da vurğulayaq ki, Qazaxıstan, Qırğızıstan, Belarus, Ukrayna və Serbiya hökumətləri Azərbaycanın ATƏT sədrliyinə qarşı çıxmayıblar; bu etiraz sözügedən ölkələrin hökumətləri deyil, qeyri-hökumət və hüquq müdafiə təşkilatları (QHT-lər) tərəfindən edilib.
Yəni bu 46 təşkilat ATƏT ölkələrini 2027-ci ildə Azərbaycanın quruma sədrlik etməsinə qarşı çağırışlar edirlər.
Burada diqqət yetirilməli bir neçə mühüm məqam var. Bəzi qüvvələr Azərbaycanın ATƏT-in fəaliyyətdə olan sədrliyi postuna namizədliyinin qəbul edilməməsi üçün müxtəlif arqumentlər irəli sürürlər. Əsas kimi isə Azərbaycanda insan hüquqları, təhlükəsizlik və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətin beynəlxalq standartlara cavab vermədiyini iddia edirlər.
Azərbaycana qarşı bu üç arqumenti irəli sürən o təşkilatlar yanlışlığa yol verirlər.
İlk növbədə təhlükəsizlik məsələsinə diqqət yetirək. Azərbaycan bu gün regionun və dünyanın ən təhlükəsiz ölkələrindən biri kimi tanınır. Ölkədə ictimai-siyasi sabitliyin qorunması, təhlükəsizlik sisteminin gücləndirilməsi və vətəndaşların təhlükəsizliyinin təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Ətraf mühitin mühafizəsi ilə bağlı iradlara gəldikdə isə, Azərbaycanın bu sahədə həyata keçirdiyi tədbirləri görməzdən gəlmək mümkün deyil. Alternativ və bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl enerji layihələri, genişmiqyaslı ağacəkmə və yaşıllaşdırma tədbirləri, müasir şəhərsalma siyasəti və ekoloji tarazlığın qorunmasına yönəlmiş təşəbbüslər ölkənin bu istiqamətdə atdığı addımların göstəricisidir.
Digər mühüm məqam isə Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyi və çoxsaylı tərəfdaşlarının münasibətidir. Məhz bu cür əsassız və qərəzli yanaşmaların nəticəsində Azərbaycanın dost ölkələri, o cümlədən Qazaxıstan, Qırğızıstan, Belarus, Ukrayna və Serbiya kimi dövlətlərlə münasibətlərində də müəyyən siyasi müzakirələr yaranır. Bu ölkələrin qeyri-hökumət təşkilatlarının anti-Azərbaycan kampaniyasına qoşulması təəssüf doğurur.
Əslində, burada diqqət çəkən əsas məsələ Azərbaycanın fəaliyyətini obyektiv meyarlarla qiymətləndirmək əvəzinə, siyasi motivlərlə onun beynəlxalq mövqeyinə təsir göstərmək cəhdləridir. Bir ölkənin namizədliyini qiymətləndirərkən selektiv yanaşmaya yol vermək, ayrı-ayrı meyarları siyasi təzyiq vasitəsinə çevirmək beynəlxalq əməkdaşlıq prinsiplərinə uyğun deyil.
Azərbaycanın fəaliyyətinə qiymət verilərkən emosiyalar və siyasi maraqlar deyil, konkret faktlar, görülmüş işlər və real nəticələr əsas götürülməlidir.
Azərbaycanın ATƏT-ə sədrliyinə qarşı bu kampaniyanın arxasında hansı siyasi maraqlar dayanır? Niyə Azərbaycanın təhlükəsizlik, ekologiya və insan hüquqları sahəsində fəaliyyəti eyni bəyanatda ümumiləşdirilərək onun namizədliyinin bloklanması tələb olunur?
Ekspertlər Azərbaycanda fundamental hüquq və azadlıqların təmin olunduğunu, "siyasi məhbus" iddialarının əsassız olduğunu və həbslərin konkret cinayət əməllərinə görə aparıldığını bildirirlər. Bu kampaniya ölkənin artan regional roluna və beynəlxalq nüfuzuna qarşı yönəlmiş qərəzli siyasi addım olduğu şübhəsizdir. Həmçinin ekspertlər qeyd edirlər ki, uzun illər ATƏT-in vasitəçilik mexanizmlərinin fəaliyyətsizliyi ilə üzləşmiş Azərbaycanın sədrliyi qurumun islahatlarına və effektivliyinin artmasına töhfə verə bilər.
Politoloq Məhəmməd Əsədullazdə baki-xeber.com-a bildirdi ki, Azərbaycanın beynəlxalq təşkilatlara sədrliyi, ilk növbədə, ölkəmizin artan nüfuzunun və beynəlxalq mövqelərinin göstəricisidir. “Hesab edirəm ki, Azərbaycan bu cür təşkilatlara sədrliyi dövründə kifayət qədər uğurlu fəaliyyət nümayiş etdirir. Buna kifayət qədər mənəvi və hüquqi haqqı çatır. Müxtəlif ölkələrin xarici işlər nazirlərinin Azərbaycana səfərləri, burada keçirilən görüşlər və aparılan müzakirələr də ölkəmizin beynəlxalq platformalarda artan rolunu təsdiqləyir.
Hesab edirəm ki, Azərbaycanın bu quruma sədrliyi də yüksək səviyyədə olar.
Görünür, müəyyən ölkələr də bu məsələləri əllərində bir alət edirlər və Azərbaycanın üzərinə gəlirlər. Bu da doğru deyil. Azərbaycan təşkilata sədrlik etdiyi müddətdə digər üzv dövlətlər də mövcud problemlərin həllində ölkəmizlə birgə çalışmalı, ortaq mövqelərin və məqsədlərin müəyyənləşdirilməsinə töhfə verməlidirlər.
Düşünürəm ki, həm Azərbaycan, həm də beynəlxalq təşkilatlar üçün qarşılıqlı maraqlara əsaslanan ortaq məqsədlər tapmaq mümkündür”.
M.Əsədullazadə qeyd etdi ki, Azərbaycan müxtəlif dövrlərdə beynəlxalq təşkilatlarda uğurlu sədrliyi ilə yadda qalıb və bu təcrübə ölkəmizin diplomatik imkanlarını nümayiş etdirir.
“Azərbaycan ATƏT-ə sədrlik etməlidir. Digər tərəfdən, Azərbaycan artıq regional miqyasda deyil, daha geniş coğrafiyada təsir imkanlarına malik olan orta güc dövlətinə çevrilməkdədir. Ölkəmiz regionda təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın təmin olunmasında mühüm rol oynayır. Başlıca olaraq da Azərbaycan öz ərazi bütövlüyünü təmin edib.
Təbii ki, Azərbaycanın bu mövqeyinin güclənməsini istəməyən qüvvələr də var. Onlar müxtəlif vasitələrlə ölkəmizə təzyiq göstərməyə, beynəlxalq mövqelərini zəiflətməyə çalışırlar. Lakin Azərbaycan öz milli maraqlarını və müstəqil xarici siyasət kursunu əsas götürərək bu proseslərdə prinsipial mövqe nümayiş etdirməlidir”-deyə M.Əsədullazadə vurğuladı.
İradə SARIYEVA