Rəşad Bayramov: “Tehranın bu qədər sərt şərtlərlə çıxış etməsinin birinci səbəbi danışıqlara zəif mövqedən başlamamaq istəyidir”
İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf bəyan edib ki, Tehranın yeddi şərti yerinə yetirilmədən ABŞ ilə danışıqlar başlamayacaq: “Daha əvvəl dediyimiz kimi, İranın yeddi şərti yerinə yetirilməyənə qədər heç bir addım atılmayacaq və heç bir danışıqlar aparılmayacaq. Əgər düşmən səhvə yol verərsə, biz qətiyyətli cavab verməyə, o cümlədən müharibənin coğrafiyasını dəyişməyə hazırıq”.
İranın tələbləri arasında dəniz blokadasının aradan qaldırılması, ticarət və neft gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçidinin təmin edilməsi, Tehrana qarşı birtərəfli sanksiyaların ləğvi, İrana neft ixracı üçün istisnanın verilməsi, aktivlərin dondurulmasının açılması, eləcə də bütün cəbhələrdə müharibənin dayandırılması yer alır.
Məgər İran bilmir ki, ABŞ bu şərtləri qəbul etməyəcək? O zaman Tehran belə sərt tələblərlə çıxış etməsində məqsədi nədir?
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov hesab edir ki, İran artıq uzun müddətdir bu şərtlərlə çıxış edir: “İndi də İran parlamentinin spikeri və ölkənin ABŞ ilə danışıqlar üzrə əsas təmsilçisi Məhəmməd Baqir Qalibafın Vaşinqtonla dialoqun başlanması üçün yeddi şərtin yerinə yetirilməsini tələb etməsi əslində Tehranın hazırkı qarşıdurmada seçdiyi siyasi strategiyanın göstəricisidir. Bu bəyanat ilk baxışdan ABŞ qarşısında yerinə yetirilməsi çətin, hətta hazırkı siyasi şəraitdə Vaşinqtonun qəbul etməsi real görünməyən tələblərin irəli sürülməsi təsiri bağışlayır. Çünki Qalibafın elan etdiyi şərtlər özündə İranın dəniz blokadasının aradan qaldırılması, Hörmüz boğazında kommersiya və neft daşımalarının təhlükəsizliyinin təmin edilməsi, sanksiyaların ləğvi, dondurulmuş aktivlərin azad olunması və bütün cəbhələrdə müharibənin dayandırılması kimi tələbləri ehtiva edir. Qalibaf bu şərtlərin yerinə yetirilməyəcəyi və ABŞ-ın mümkün hərbi addımlara əl atacağı halda cavab olaraq münaqişənin coğrafiyasının genişləndirilə biləcəyini də vurğulayıb.
Tehranın bu qədər sərt şərtlərlə çıxış etməsinin birinci səbəbi danışıqlara zəif mövqedən başlamamaq istəyidir. İran anlayır ki, hazırkı şəraitdə ABŞ-ın bütün tələbləri qəbul etməsi real deyil. Xüsusilə sanksiyaların tamamilə ləğvi, dəniz blokadasının aradan qaldırılması və müharibənin bütün regional istiqamətlərdə dayandırılması Vaşinqtonun təhlükəsizlik və xarici siyasət prioritetləri ilə ziddiyyət təşkil edə bilər. Lakin Tehran bu tələbləri əvvəlcədən ortaya qoymaqla gələcək danışıqların gündəliyini müəyyənləşdirməyə, qarşı tərəfin güzəştlərinin miqyasını genişləndirməyə çalışır”.
R. Bayramovun fikrincə, burada diqqət çəkən digər məqam İranın daxili siyasi auditoriyasına ünvanlanan mesajdır: “Uzunmüddətli müharibə, iqtisadi təzyiqlər, enerji ixracatına məhdudiyyətlər və təhlükəsizlik problemləri fonunda hakimiyyət cəmiyyətə ölkənin təzyiqlər qarşısında geri çəkilmədiyini nümayiş etdirmək istəyir. Beləliklə, sərt ritorika həm xarici danışıqlar strategiyasının, həm də daxili siyasi legitimliyin qorunması vasitəsinə çevrilir. İkinci mühüm məqsəd isə ABŞ-a qarşı çəkindirmə mexanizmi formalaşdırmaqdır. Qalibafın müharibənin coğrafiyasını dəyişmək barədə xəbərdarlığı təsadüfi ifadə deyil. Tehran bununla göstərməyə çalışır ki, qarşıdurma yalnız İran ərazisi ilə məhdudlaşmaya, Hörmüz boğazı, Fars körfəzi və daha geniş Yaxın Şərq regionunda təhlükəsizlik və enerji təchizatı problemləri yarada bilər. Bu, xüsusilə qlobal enerji bazarlarında ciddi narahatlıq doğuran amildir. Hörmüz boğazının beynəlxalq neft və qaz daşımaları baxımından strateji əhəmiyyəti İranın əlində müəyyən təzyiq imkanları saxlayır. Digər məqsəd isə İranın danışıqlarda zaman qazanmaq və mövqelərini möhkəmləndirmək istəyidir. Tehran üçün hazırkı mərhələdə əsas məsələ yalnız müharibənin dayandırılması deyil, həm də müharibədən sonrakı siyasi və təhlükəsizlik reallıqlarının hansı şərtlərlə formalaşacağıdır. İran atəşkəsin müvəqqəti xarakter daşımasından və ABŞ-ın gələcəkdə hərbi əməliyyatları yenidən başlatmasından ehtiyat edir. Buna görə də sadəcə atəşkəs deyil, müharibənin rəsmən başa çatdırılması və gələcək hücumların qarşısını alacaq təminatlar tələb edir.
Başqa sözlə, İranın yeddi şərti ABŞ-ın dərhal qəbul etməsi üçün deyil, daha çox gələcək danışıqların çərçivəsini müəyyənləşdirmək, Vaşinqton üzərində siyasi və iqtisadi təzyiq yaratmaq, həmçinin Tehranı mümkün razılaşmada daha əlverişli mövqeyə çıxarmaq məqsədi daşıyır. İran rəhbərliyi yaxşı anlayır ki, bu tələblərin hamısının eyni vaxtda qəbul edilməsi real siyasi perspektiv kimi görünmür. Lakin onların hamısını ilkin şərt kimi irəli sürməklə sonradan müəyyən məsələlər üzrə güzəştə getmək üçün manevr imkanları yaradır. Yəni Tehran hazırda yalnız ABŞ-la danışıqların şərtlərini deyil, mümkün müharibəsonrası regional nizamın konturlarını da müəyyənləşdirməyə çalışır. Düşünürəm ki, burada əsas sual İranın bütün tələblərini qəbul etdirib-etdirməyəcəyi deyil, danışıqlar masasına hansı siyasi və strateji mövqedən qayıdacağıdır”.
Vidadi ORDAHALLI