Bəhruz Quliyev: “Brüsselin Dəməşq qarşısında bu məsələləri gündəmə gətirməsi göstərir ki...”
Avropa İttifaqı Suriyadan Donbas, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması ilə bağlı əvvəlki qərarlarını geri götürməyi tələb edir. Bu barədə “Rapporteur” nəşri məlumat yayıb.
Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Brüssel Dəməşqdən Ukrayna və Gürcüstanın ərazi bütövlüyü ilə bağlı mövqeyinə yenidən baxmasını gözləyir. Onun sözlərinə görə, bu məsələ Suriyanın xarici işlər naziri və ölkə rəhbərliyi ilə görüşlərdə də müzakirə olunub. Məlumata görə, Kallas bu məsələni dəfələrlə birbaşa Suriya prezidenti Əhməd əl-Şaraa və xarici işlər naziri Əsəd əl-Şibani ilə, o cümlədən sentyabrın sonu və oktyabrın əvvəlində Dəməşqə səfəri zamanı qaldırıb. Aİ hazırda yeni siyasi şərtlər daxilində Suriya ilə modernləşdirilmiş bir razılaşma danışıqları aparmağı planlaşdırır. Bu addımların bir hissəsi olaraq, Aİ rəhbərliyi Suriya hökumətinin Bəşər Əsədin keçmiş rejimi dövründə etdiyi kimi, dörd ərazini tanımaqdan imtina etməsini gözləyir.
Qeyd edək ki, Avropa İttifaqı 2024-cü ilin dekabrında Suriyada hakimiyyət dəyişikliyindən sonra Dəməşqlə münasibətləri bərpa etməyə çalışır. Görünən odur ki, bununla Aİ Rusiyaya növbəti zərbə vurmağa çalışır.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən “SƏS” qəzetinin baş redaktoru, politoloq Bəhruz Quliyevin fikrincə, Avropa İttifaqının Suriyanın yeni hakimiyyətindən Donbas, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması ilə bağlı əvvəlki qərarlarına yenidən baxmasını tələb etməsi, əslində, diplomatik münasibətlərin çərçivəsindən kənara çıxan daha geniş geosiyasi prosesin tərkib hissəsidir: “Brüsselin Dəməşq qarşısında bu məsələləri gündəmə gətirməsi göstərir ki, Avropa İttifaqı Suriyada hakimiyyət dəyişikliyindən sonra yaranmış yeni siyasi reallığı yalnız münasibətlərin normallaşdırılması üçün deyil, həm də beynəlxalq siyasi təsir imkanlarını genişləndirmək üçün dəyərləndirir. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, Avropa İttifaqı bir tərəfdən Suriyanın yeni rəhbərliyi ilə iqtisadi, siyasi və diplomatik əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu nümayiş etdirir, digər tərəfdən isə bu münasibətlərin müəyyən siyasi şərtlər əsasında formalaşmasını istəyir. Kaya Kallasın Dəməşqə ünvanlanan mesajları da məhz bu yanaşmanın ifadəsidir. Brüssel Suriyanın Ukrayna və Gürcüstanın ərazi bütövlüyü ilə bağlı mövqeyini dəyişməsini, keçmiş rejimin Moskva ilə siyasi yaxınlığı çərçivəsində qəbul etdiyi qərarlardan uzaqlaşmasını gözləyir”.
Politoloq hesab edir ki, bu, yalnız Donbas, Abxaziya və Cənubi Osetiya məsələsi deyil: “Burada beynəlxalq hüquq, dövlətlərin ərazi bütövlüyü, separatizm və böyük güclərin regional təsir mübarizəsi kimi fundamental siyasi məsələlər bir-biri ilə kəsişir. Avropa İttifaqı Suriyanın yeni hakimiyyətinə münasibətdə bu mövqeyi ortaya qoymaqla, eyni zamanda Rusiyanın uzun illər ərzində Yaxın Şərqdə formalaşdırdığı siyasi və hərbi təsir mexanizmlərinin zəifləməsinə də çalışır. Əsəd rejiminin süqutundan sonra Moskvanın Suriyadakı əvvəlki mövqelərini qoruyub saxlamaq cəhdləri davam edir. Rusiya üçün Suriya təkcə Yaxın Şərqdə siyasi müttəfiq deyil, həm də Aralıq dənizinə çıxış, hərbi infrastrukturu və regional geosiyasi təsir baxımından strateji əhəmiyyət daşıyan ölkədir. Belə bir şəraitdə Avropa İttifaqının Dəməşqlə münasibətləri yenidən qurmaq və bu münasibətlərə siyasi şərtlər daxil etmək istəyi Moskvanın regiondakı təsir imkanlarına qarşı dolayı, lakin əhəmiyyətli diplomatik addım kimi qiymətləndirilə bilər.
Lakin bu prosesə yalnız Rusiyaya qarşı mübarizə prizmasından yanaşmaq da düzgün olmazdı. Avropa İttifaqının əsas məqsədlərindən biri Suriyanın yeni hakimiyyətini beynəlxalq siyasi sistemə inteqrasiya etmək, iqtisadi bərpa prosesinə dəstək vermək və Dəməşqin gələcək xarici siyasət kursunda Avropa ilə əməkdaşlığı daha mühüm istiqamətə çevirməkdir. Bu baxımdan, assosiasiya sazişi və digər əməkdaşlıq mexanizmləri həm iqtisadi, həm də siyasi təsir vasitəsi rolunu oynaya bilər. Əslində, bu hadisə bir daha göstərir ki, müasir beynəlxalq münasibətlərdə diplomatik əlaqələrin bərpası, iqtisadi əməkdaşlıq və siyasi şərtlər bir-birindən ayrılmazdır. Böyük güclər və beynəlxalq təşkilatlar yeni siyasi reallıqların formalaşdığı bölgələrdə yalnız iqtisadi imkanlarla deyil, həm də siyasi mövqelər, hüquqi prinsiplər və strateji maraqlar vasitəsilə təsir göstərməyə çalışırlar. Bu mənada, Avropa İttifaqının Suriyaya ünvanlanan mesajları Rusiyaya qarşı daha geniş geosiyasi mübarizənin yeni diplomatik istiqamətlərindən biri kimi görünür. Dəməşqin bu tələblərə necə yanaşacağı isə Suriyanın gələcək xarici siyasət kursunun, eləcə də Yaxın Şərqdə güc balansının formalaşmasında müəyyən rol oynayacaq”.
Vidadi ORDAHALLI