Ramil Məmmədli: “Bütün bunlarda ümumi məqsəd Ukraynanı təslimçi sülhü imzalamağa məcbur etməkdir”
ABŞ hərb naziri Pit Heqset Vaşinqtonun artıq razılaşdırmasına baxmayaraq, "Patriot" hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulan 60-a yaxın ələkeçirici raketin Ukraynaya verilməsini hələ də təsdiqləməyib. Bu hərbi sursatların bir qismi Avropa anbarlarında saxlanılır və Kiyevin qərbli tərəfdaşları tərəfindən maliyyələşdirilir.
Bu barədə "Financial Times" məsələdən agah olan mənbələrə istinadən məlumat yayıb.
Söhbət ABŞ istehsalı olan "PAC-3" və "PAC-2" raketlərindən gedir. Onların arasında sentyabr-dekabr ayları ərzində tədarükü planlaşdırılan 40-a yaxın "PAC-3" ələkeçiricisi var. Lakin indiyədək bu tədarüklərin heç birinin Ukraynaya ötürülməsinə icazə verilməyib. "Patriot" sisteminin nisbətən köhnə versiyası olan 20-yə yaxın "PAC-2" raketi də Ukrayna üçün ayrılıb, lakin onların göndərilməsi üçün də müvafiq icazə gözlənilir.
Nəşr qeyd edir ki, Ukraynanın öz ərazisində "Patriot" ələkeçirici raketlərini istehsal etməsi üçün ABŞ-dan lisenziya almaq cəhdi də Pentaqon tərəfindən ləngidilib. ABŞ müdafiə qurumunun nümayəndəsi nəşrə bildirib ki, Birləşmiş Ştatların Ukraynaya dəstək siyasətində heç bir dəyişiklik yoxdur. Bununla yanaşı, o, konkret tədarüklərlə bağlı əlavə şərh verməkdən imtina edib.
Maraqlıdır, ABŞ həm 60-a yaxın "Patriot" raketlərin verilməsini, həm də onların Ukraynada istehsalı ilə bağlı lisenziya məsələsini niyə yubadır? Sanki açıq-aşkar Ukraynaya qarşı düşmənçilik edirlər. Buna səbəb nədir?
Sözügedən məsələyə aydınlıq gətirən hərbi ekspert Ramil Məmmədli baki-xeber.com-a açıqlamasında bildirdi ki, bunun başlıca səbəbi ABŞ prezidenti Donald Trampın Ukrayna məsələsində apardığı qərəzli siyasətlə bağlıdır: “Problem ondadır ki, Tramp bütün vasitələrlə Zelenskini təslimçi sülhə təhrik edir. Bu səbəbdən onların münasibətləri çox gərgindir. Tramp məqsədyönlü şəkildə "Patriot" raketlərin verilməsini əngəlləyir ki, Ukrayna Rusiyanın endirdiyi raket zərbələrindən bezib Putinin şərtlərini qəbul etsin. Yəni Donbasın qalan hissəsini Rusiyaya döyüşsüz təhvil versin. Trampın razılığı olmadan Heqset bunu edə bilməz. Tramp nəinki "Patriot" raketlərin verilməsini, onların Ukraynada istehsalını yubadır, eyni zamanda Kiyev üçün digər problemlərin yaradılmasına bilavasitə rəvac verir. Bu ilin oktyabr və noyabr aylarında Ukrayna ordusunun istifadə etdiyi "Starlink" və onun hərbi versiyası olan "Starshield" peyk rabitə sistemlərinə yüksək sürət məhdudiyyəti tətbiq edilib. Bu addım Ukraynanın uzaqmənzilli zərbə dronlarının və hava hücumundan müdafiə əməliyyatlarının işinə ciddi mənfi təsir göstərir. Birləşmiş Ştatların "SpaceX” şirkətinə məxsus “Starlink” peyk internet sisteminin Ukrayna ordusu üçün təqdim etdiyi xidmətin sürətində yaranan məhdudiyyətlər də bilavasitə Trampdan qaynaqlanır. Bütün bunlarda ümumi məqsəd Ukraynanı təslimçi sülhü imzalamağa məcbur etməkdir”.
Vidadi ORDAHALLI