ABŞ hökuməti İranda olan vətəndaşlarına ölkəni dərhal tərk etmələri barədə çağırış edib. Vaşinqton Yaxın Şərqdə münaqişənin kəskin şəkildə genişlənə biləcəyi ilə bağlı xəbərdarlıq yayıb.
“Euronews”un məlumatına görə, bu xəbərdarlıq regionda ABŞ obyektlərinə qarşı həyata keçirilən bir sıra hücumlardan sonra verilib.
ABŞ-ın İrandakı Virtual Səfirliyi bildirib ki, Tehran, Yəməndəki husilər və İranla müttəfiq olan digər silahlı qruplaşmalar regionda Amerika vətəndaşlarını, şirkətlərini və qurumlarını hədəfə ala bilər.
Vaşinqton amerikalılara məqsədindən asılı olmayaraq İrana səfər etməməyi, hazırda ölkədə olanlara isə mümkün qədər tez oranı tərk etməyi tövsiyə edib.
Yaxın Şərqdə yaşayan ABŞ vətəndaşlarına uçuşların ləğvinə və hava məkanının bağlanmasına hazır olmaları da bildirilib. Quru sərhədlərindən keçid qaydalarının əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilə biləcəyi vurğulanıb.
Xəbərdarlıq İranın Bəhreyn və Küveytdəki ABŞ obyektlərinə zərbələrindən, həmçinin terrorçu kimi tanınan husilərin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda maliyyə məhəlləsində yerləşən binaya hücumundan sonra yayımlanıb.
Qeyd edək ki, ABŞ və İran 1980-ci ildən bəri diplomatik münasibətlər saxlamır. Tehranda ABŞ-ın maraqlarını İsveçrənin səfirliyi təmsil edir.
Tahir TAĞIYEV