Polşa NATO müttəfiqlərindən Ukrayna ərazisinə doğru uçan və alyans ölkələrinin hava məkanına təhlükə yaradan Rusiya raketlərinin hələ Ukrayna səmasında olarkən vurulması imkanını nəzərdən keçirməyi istəyib. Varşavanın bu təşəbbüsü NATO daxilində müzakirələrə səbəb olsa da, hələlik onun həyata keçirilməsi ilə bağlı ortaq qərar yoxdur.
"Bloomberg" agentliyinin mənbələrə istinadən yaydığı məlumata görə, Polşa məsələni noyabrın 23-də Brüsseldə NATO-ya üzv dövlətlərin səfirlərinin iştirakı ilə keçirilən görüşdə gündəmə gətirib. Təklifin irəli sürülməsi Varşavanın hava təhlükəsizliyi ilə bağlı narahatlıqlarının artdığı bir vaxta təsadüf edir.
Belə ki, noyabrın 20-də Rusiyaya məxsus üç X-101 qanadlı raketinin Polşanın hava məkanını pozduğu bildirilir. Bu hadisədən sonra Polşa alyansın müdafiə imkanlarından daha geniş şəkildə istifadə olunmasını və NATO ölkələrinə yönələn təhlükələrin Ukrayna ərazisində qarşısının alınmasını təklif edib.
Mənbələrin məlumatına görə, NATO üzvlərindən bəziləri bu təşəbbüsün müzakirəsinə müsbət yanaşıblar. Bununla belə, danışıqlar hələ ilkin mərhələdədir və konkret fəaliyyət planı, eləcə də qərar qəbul edilməyib.
Təklifin ən mübahisəli tərəfi NATO-nun müdafiə əməliyyatlarının Ukrayna hava məkanına qədər genişləndirilməsi ilə bağlıdır. Belə bir addım alyansın Rusiya-Ukrayna müharibəsində iştirak səviyyəsinə təsir göstərə və NATO ilə Moskva arasında birbaşa hərbi qarşıdurma riskini artıra bilər.
Müzakirələr zamanı mümkün əməliyyatın hansı hərbi vasitələrlə həyata keçiriləcəyi, neçə təyyarə və hansı sistemlərin cəlb olunacağı barədə konkret detalların nəzərdən keçirilmədiyi bildirilir. Mənbələr hesab edirlər ki, belə bir mexanizmin tətbiqi üçün ilk növbədə Kiyevin NATO-ya raket hücumları barədə əvvəlcədən məlumat ötürməsi və alyans qüvvələrinin Ukrayna hava məkanından istifadə etməsinə razılıq verməsi lazım gələ bilər.
Bununla yanaşı, qərarın icrası NATO-nun Avropadakı Ali Müttəfiq Qüvvələrinin baş komandanı ilə koordinasiya edilməli, bütün üzv dövlətlərin razılığı əldə olunmalıdır. Agentliyin mənbələri hazırda alyans daxilində belə bir addımın atılması üçün yekdil mövqenin olmadığını vurğulayırlar.
Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış da məsələ ilə bağlı açıqlamasında bildirib ki, Rusiya raketlərinin Ukrayna səmasında vurulması ideyası yeni deyil və bu barədə müzakirələr uzun müddətdir davam edir.
Nazir müttəfiqlər arasında mövzunun müzakirəsinə marağın artdığını qeyd etsə də, hələlik konkret addım atmaq üçün kifayət qədər siyasi iradənin formalaşmadığını etiraf edib.
Polşanın təşəbbüsü NATO qarşısında mürəkkəb seçim yaradır: alyans öz hava məkanını və üzv ölkələrin təhlükəsizliyini qorumaq üçün müdafiə tədbirlərini Ukrayna ərazisinə qədər genişləndirməli, ya da Rusiya ilə birbaşa toqquşma riskindən yayınmaq üçün mövcud yanaşmanı saxlamalıdır. Hələlik bu istiqamətdə yekun qərar verilməyib.
Tahir TAĞIYEV