Dünya enerji bazarında qiymət artımı Azərbaycanın ixrac etdiyi neftə də təsir edib. “Azeri Light” markalı neftin İtaliyanın Auqusta limanında bir barelinin qiyməti 100,34 dollara yüksəlib. Bu, əvvəlki göstəricidən 4,21 dollar çoxdur.
Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə satılan Azərbaycan neftinin qiyməti də 4,18 dollar artaraq 95,61 dollara çatıb.
Bahalaşma digər markalarda da müşahidə olunur. “Brent” neftinin bir bareli 94,96 dollara, Rusiyanın “Urals” markalı nefti isə 70,14 dollara yüksəlib.
Qiymət artımının əsas səbəblərindən biri Yaxın Şərqdə gərginliyin yüksəlməsi və neft tədarükünün təhlükə altına düşməsi ilə bağlı narahatlıqlardır. Xüsusilə Hörmüz boğazında baş verən hadisələr və regiondakı hücumlar bazarda təkliflə bağlı riskləri artırır.
Xatırladaq ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin orta ixrac qiyməti 65 dollar müəyyən edilib. OPEC+ ölkələrinin nümayəndələri noyabrın 29-da keçiriləcək toplantıda 2027-ci il üzrə hasilat siyasətini müzakirə edəcəklər.
Tahir TAĞIYEV