İsrail ordusu ABŞ hərbi qüvvələrinin dəstəyi olmadan da İrana qarşı genişmiqyaslı hücum həyata keçirməyə hazır olduğunu bəyan edib.
İsrail ordusunun sözçüsü Effi Defrin dövlət televiziyası KAN-a müsahibəsində mümkün yeni hücum ssenariləri ilə bağlı danışarkən Tehrana qarşı əməliyyat keçirmək imkanlarının olduğunu bildirib.
“Vəziyyəti yaxından izləyirik. ABŞ olmadan da istənilən an özümüz müstəqil şəkildə İrana güclü zərbə endirməyə hazırıq”, – deyə o vurğulayıb.
Defrin İsrail ordusunun təhlükəsizlik təlimatlarında dəyişiklik olmadığını da qeyd edib. O, İranın İsraili məhv etmək məqsədindən əl çəkmədiyini iddia edərək, Tehranın bu istiqamətdə fəaliyyətini davam etdirdiyini bildirib.
ABŞ və İsrailin İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları yenidən başlada biləcəyi ilə bağlı müzakirələr davam edir. İsrail mediası Baş nazir Benyamin Netanyahunun bu istiqamətdə ABŞ Prezidenti Donald Trampa təzyiq göstərdiyini iddia edib.
Bununla yanaşı, İsraildə hökuməti formalaşdırmaq tapşırığı verilmiş “Yəşar” partiyasının lideri Qadi Eyzenkot və müttəfiqləri təcili hücumu zəruri edən təhlükənin olmadığını bildiriblər.
İsrail mətbuatının yazdığına görə, Netanyahu İrana qarşı mümkün hərbi əməliyyatı həm iqtidar, həm də müxalifət partiyalarının daxil olacağı geniş tərkibli koalisiya hökumətinin yaradılması üçün fürsət kimi də nəzərdən keçirir.
Tahir TAĞIYEV