İsveçrədə dondurulmuş Rusiya aktivlərinin ümumi dəyəri 8,5 milyard İsveçrə frankına (10,2 milyard dollar) yüksəlib.
“Bloomberg”in məlumatına görə, bu göstərici 2025-ci ilin aprel ayı ilə müqayisədə 15 faiz artıb. Həmin vaxt dondurulmuş aktivlərin həcmi 7,4 milyard frank (8,9 milyard dollar) təşkil edirdi. Artım yeni aktivlərin dondurulması və bəzi qızıl ehtiyatlarının dəyərinin yüksəlməsi ilə əlaqələndirilir.
İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) sanksiyalar üzrə rəhbəri Daniel Aebinin sözlərinə görə, Rusiya Mərkəzi Bankına məxsus aktivlərin ümumi həcmi son 18 ayda 9 faiz azalaraq 6,8 milyard frank (8,2 milyard dollar) olub. O, bu vəsaitlərin dondurulmasının ləğv edilmədiyini, azalmanın aktivlərin saxlanıldığı valyutaların dəyər itirməsi ilə bağlı olduğunu bildirib.
Aebi qeyd edib ki, SECO sanksiyalardan yayınma ilə bağlı şübhəli hallara dair 870-dən çox məlumat alıb. Halbuki il yarım əvvəl bu rəqəm təxminən 600 idi.
Noyabrın əvvəlində İsveçrə Rusiyaya və Belarusa qarşı Avropa İttifaqının 21-ci sanksiyalar paketinə qoşulub.
Xatırladaq ki, İsveçrə 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından sonra Moskvaya qarşı Aİ-nin məhdudlaşdırıcı tədbirlərini dəstəkləyib. Bu qərar ölkənin ənənəvi neytrallıq siyasətində müəyyən dəyişiklik kimi qiymətləndirilib.
Tahir TAĞIYEV