Böyük Britaniya mümkün pilotsuz uçuş aparatı hücumlarına qarşı hərbi aviasiyasının müdafiəsini gücləndirir. Kral Hərbi Hava Qüvvələrinin (RAF) artan təhlükəsizlik riskləri səbəbindən qırıcı təyyarələri gecə saatlarında hanqarlara və xüsusi qorunan ərazilərə yerləşdirdiyi bildirilir.
“Sky News”un məlumatına görə, yeni tədbirlər çərçivəsində kifayət qədər müdafiəsi olmayan hərbi aerodromlarda və uçuş-enmə zolaqlarının yaxınlığında saxlanılan təyyarələrin ətrafına da pilotsuz aparatlara qarşı qoruyucu torların quraşdırılması nəzərdə tutulur.
RAF komandanı, general Harv Smit mümkün hərbi qarşıdurma zamanı təyyarələrin müxtəlif aerodromlara paylanmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Britaniya hərbi bazalarının da hücuma məruz qala biləcəyi ssenarilərə hazırlaşır və aviasiya qüvvələri lazım gəldikdə qısa müddətdə fərqli məntəqələrə köçürülə bilməlidir.
Komandan daha əvvəl Briz Norton aviabazasında aparılan təmir işləri zamanı təyyarələrin digər bazalara yerləşdirildiyini və əməliyyatların fasiləsiz davam etdirildiyini xatırladıb. O, bu təcrübənin RAF-ın ölkə üzrə müxtəlif aerodromlardan fəaliyyət göstərmək imkanlarını nümayiş etdirdiyini bildirib.
Qeyd edək ki, Britaniyanın daxili kəşfiyyat xidməti MI5 və Müdafiə Nazirliyi daha əvvəl Ukraynaya hərbi təchizat göndərən Britaniya şirkətlərini Rusiyadan qaynaqlana biləcək təxribat təhlükəsi barədə xəbərdar etmişdi.
Tahir TAĞIYEV