“Sülh körpüsü” təşəbbüsünün beşinci görüşü başlayıb. Bu barədə “Sülh körpüsü” təşəbbüsünün mətbuat üçün açıqlamasında bildirilib.
Bildirilib ki, görüş Ermənistanda keçirilir. Görüşdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin ümumilikdə 60 nümayəndəsi iştirak edir.
Qeyd edək ki, görüş sabahda davam edəcək. Dəyirmi masa çərçivəsində 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyi, Azərbaycan-Ermənistan sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılmasına yönəlmiş təşəbbüslər müzakirə olunacaq.
Görüşdə, həmçinin iki cəmiyyət arasında qarşılıqlı etimadın yaradılması və inkişaf etdirilməsi tədbirləri, Cənubi Qafqazda dayanıqlı iqtisadi əməkdaşlığın, ticarətin və bağlantı marşrutlarının yaradılması imkanları nəzərdən keçiriləcək.
Müzakirələrin gündəliyinə humanitar məsələlər, gənclərlə iş, təhsil sahəsi, eləcə də iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri də daxildir.
ZÜMRÜD