Moskvada Rusiya Aerokosmik Qüvvələrinin silahlanma üzrə baş komandan müavini, general-polkovnik Yuri Qrexov həbs edilib. O, xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur.
Rusiya mətbuatının məlumatına görə, 235-ci Qarnizon Hərbi Məhkəməsi generalın barəsində həbs qətimkan tədbiri seçib. Qərar noyabrın 25-də qəbul olunub.
RBC-nin yazdığına görə, 64 yaşlı Qrexov Rusiya Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi ilə, xüsusilə külli miqdarda rüşvət almaqda ittiham edilir.
Qrexov 1979-cu ildən hərbi xidmətdədir. O, 2007–2009-cu illərdə Xüsusi Təyinatlı Komandanlığın hava hücumundan müdafiə diviziyasında qərargah rəisinin müavini vəzifəsini icra edib. 2013-cü ildə Hava və Raket Hücumundan Müdafiə Qoşunları komandanının birinci müavini təyin olunub. İki il sonra Aerokosmik Qüvvələrdə analoji vəzifəyə keçirilib. 2021-ci ildən isə bu qüvvələrin silahlanma üzrə baş komandan müavini vəzifəsini tutub.
Xatırladaq ki, Vladimir Putin 2024-cü ilin mayında Sergey Şoyqunu müdafiə naziri vəzifəsindən azad etdikdən sonra Rusiya hərbi rəhbərliyində bir sıra yüksək vəzifəli şəxslər barəsində cinayət təqibi başlanıb.
Bu proses çərçivəsində Şoyqunun keçmiş müavinləri də istintaqa cəlb olunublar. 2026-cı ilin noyabrında Moskva məhkəməsi Müdafiə Nazirliyinin keçmiş birinci müavini Ruslan Tsalikovu mənimsəmə, çirkli pulların yuyulması və rüşvət almaqda təqsirli bilərək ciddi rejimli koloniyada 10 il müddətinə azadlıqdan məhrum edib.
Tahir TAĞIYEV