Amerikalı milyarder Todd Boeli Azərbaycanlı milyarder Vahid Ələkbərovun təsis etdiyi Rusiyanın “Lukoil” neft şirkəti ilə onun beynəlxalq enerji aktivlərinin satın alınması barədə razılığa gəlib. Təxminən 16 milyard dollar dəyərində qiymətləndirilən sövdələşmədə ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) da daxil olduğu investorlar konsorsiumu iştirak edəcək.
“Reuters” məlumatına görə, razılaşma bir ildən artıq davam edən danışıqların nəticəsidir. Sazişə əsasən, “Lukoil”un 10 milyard dollar dəyərində qiymətli kağızları şirkətin xaricdəki aktivləri ilə dəyişdiriləcək. Lakin əməliyyatın baş tutması üçün ABŞ Maliyyə Nazirliyinin və Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) icazəsi tələb olunur. Vaşinqton sövdələşmənin milli təhlükəsizlik tələblərinə uyğunluğunu da qiymətləndirəcək.
“Lukoil”un beynəlxalq aktivlər portfelinin təxminən 40 ölkəni əhatə etdiyi bildirilir. Buraya Azərbaycan, Qazaxıstan və daha doqquz ölkədə yerləşən neft yataqları daxildir. Həmin yataqlarda ümumi hasilatın gündəlik təxminən 350 min barel olduğu qeyd edilir.
Portfelə, həmçinin Niderland, Bolqarıstan və Rumıniyada yerləşən neft emalı zavodları, eləcə də ABŞ daxil olmaqla müxtəlif ölkələrdə fəaliyyət göstərən geniş yanacaqdoldurma məntəqələri şəbəkəsi daxildir.
Razılaşmanın şərtlərinə görə, ABŞ tərəfi yeni şirkətin idarə heyətində təmsil olunacaq və gələcək mənfəətin bölüşdürülməsində iştirak edəcək. Bununla belə, dövlətin payı hələ açıqlanmayıb. DFC-nin mənfəətdən gəlir əldə etməsi özəl investorlar yatırdıqları vəsaiti geri qaytardıqdan və razılaşdırılmış gəlirliliyə çatdıqdan sonra mümkün olacaq.
Konsorsiumun rəhbəri Boelinin sözlərinə görə, sövdələşmənin əsas məqsədi sanksiyalar səbəbindən dəyərsizləşmiş və dondurulmuş qiymətli kağızları real enerji aktivləri ilə əvəz etməkdir. O, əməliyyatın bir ilə qədər vaxt apara biləcəyini bildirib.
Məlumata görə, qiymətli kağızlar birbaşa “Lukoil”a verilməyəcək, ABŞ Maliyyə Nazirliyinin tələblərinə uyğun olaraq Birləşmiş Ərəb Əmirliklərindəki eskrou hesabında saxlanılacaq. Bu mexanizm Rusiya şirkətinin sanksiyalardan yayınaraq əlavə maliyyə əldə etməsinin qarşısını almağa hesablanıb.
Konsorsiumun tərkibində ABŞ-ın Xtellus Partners Bankı və BƏƏ-də qeydiyyatdan keçmiş Catena Investment Holding şirkəti də var. İlkin mərhələdə investorlar arasında yer alan daha iki iştirakçı – Əl-Həyyat qardaşları və Əbu-Dabidə yerləşən International Holding Company isə sonradan layihədən çıxıb.
“Reuters”in məlumatına görə, bu addım investorların ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerlə kommersiya əlaqələri səbəbindən Konqresdə yarana biləcək siyasi tənqidlərin qarşısını almaq məqsədi daşıya bilər.
Qeyd edək ki, “Lukoil”un xarici aktivlərinin satışı ilə bağlı bundan əvvəl də bir neçə cəhd olub. 2025-ci ildə Gunvor şirkəti aktivləri almaq barədə razılıq əldə etsə də, ABŞ Maliyyə naziri Skott Bessentin şirkəti Kremlin təsiri altında olmaqda ittiham etməsindən sonra təklifini geri çəkib. Bu ilin yanvarında Carlyle Group da satınalma ilə bağlı razılaşma əldə etsə də, OFAC-ın tələb olunan lisenziyasını ala bilməyib.
ABŞ administrasiyası son dövrdə enerji infrastrukturu, strateji xammal və kommunikasiya sahələrində xarici aktivlərə nəzarəti gücləndirməyə çalışır. DFC-nin “Lukoil”la bağlı sövdələşmədə iştirakı da Vaşinqtonun strateji əhəmiyyətli enerji obyektlərində mövqeyini genişləndirmək siyasətinin bir hissəsi kimi qiymətləndirilir.
Tahir TAĞIYEV