Son günlər Azərbaycana qarşı bəzi beynəlxalq təşkilatlar fəalaşıblar. Xüsusən də Azərbaycanın 2027-ci ildə ATƏT-in sədrliyinə namizədliyinə qarşı xaricdəki bəzi qüvvələr birləşiblər, anti-Azərbaycan kampaniyası aparırlar.
Qeyd edək ki, noyabrın 23–24-də İşgəncələrə Qarşı Dünya Təşkilatı (OMCT), Beynəlxalq İnsan Hüquqları Federasiyası (FIDH), "Freedom Now" və müxtəlif ölkələrin Helsinki komitələri də daxil olmaqla 46 yerli və beynəlxalq QHT ATƏT iştirakçı dövlətlərinə müraciət ünvanlayıb.
46 təşkilat 2027-ci ildə Azərbaycanın quruma sədrlik etməsinə qarşı çağırışlar edirlər.
Ümumiyyətlə, bu cür zərərli kampaniyanın qarşısının alınmasında, iflasa uğradılmasında Azərbaycan diasporu nə iş görməlidir? İndiki şəraitdə Azərbaycan diasporunun qarşısında hansı vəzifələr dayanır?
Ekspertlər hesab edirlər ki, Azərbaycanın2027-ci ildə ATƏT-ə sədrlik namizədliyi ətrafında gedən müzakirələr və bu fonda bəzi beynəlxalq şəbəkələrin başlatdığı kampaniyalar fonunda Azərbaycan diasporunun üzərinə daha sistemli, peşəkar və çevik fəaliyyət vəzifələri düşür.
Ekspertlər hesab edirlər ki, ölkəmizə qarşı son hücumlar diaspor quruculuğunda yeni səhifənin açılmasını tələb edir. İndiki şəraitdə diaspor təşkilatlarımız xarici mətbuatda və sosial mediada yayılan birtərəfli bəyanatlara qarşı faktlara əsaslanan məqalələr, analitik yazılar və bəyanatlar dərc etdirməlidirlər. Eyni zamanda xarici auditoriyanın dilində (ingilis, fransız, alman və s.) peşəkar sosial media kampaniyaları aparmaq, dezinformasiyaları operativ şəkildə ifşa etmək üçün hərəkətə keçməlidirlər.
Beynəlxalq təcrübənin önə çıxarılması məsələsi xüsusilə diqqətdə saxlanılmalıdır və Azərbaycanın bundan əvvəl Qoşulmama Hərəkatı, BMT Təhlükəsizlik Şurası və COP29 kimi qlobal platformalara uğurla sədrlik etdiyini, regionda sülh və əməkdaşlıq təşəbbüslərinin müəllifi olduğunu xarici ictimaiyyətə çatdırılmalıdır.
Parlamentarilər və qərarvericilərlə birbaşa ünsiyyət çox vacibdir. Yaşadıqları ölkələrin deputatlarına, senatorlarına və xarici işlər nazirliklərinin nümayəndələrinə rəsmi müraciətlər ünvanlamaq, onlarla görüşlər keçirərək Azərbaycanın mövqeyini izah etmək zərurətə çevrilib.
Beyin mərkəzləri (Think-Tank) ilə əməkdaşlıq da unudulmamalıdır. Nüfuzlu beynəlxalq araşdırma mərkəzlərinin ekspertləri ilə əlaqələr qurmaq, onları Azərbaycandakı real vəziyyət və regional təhlükəsizlik məsələləri barədə məlumatlandırmaq lazımdır.
Anti-Azərbaycan müraciətlərinə imza atan 46 təşkilata cavab olaraq, müxtəlif ölkələrdə fəaliyyət göstərən azərbaycanlı QHT-lərin, ekspertlərin və ictimai fəalların adından ATƏT-in Daimi Şurasına və üzv dövlətlərə dəstək məktubları göndərmək zərurətə çevrilib.
Türkiyə və digər dost ölkələrin diaspor təşkilatları ilə ortaq platformalarda çıxış edərək səslərin daha gur eşidilməsinə nail olmaq mütləqdir.
Böhtan və qərəzə qarşı hüquqi mübarizə önə çəkilməlidir. Əsassız ittihamlar və ölkənin nüfuzuna xələl gətirən yalan məlumatlar yayan qurumlara qarşı yerli qanunvericilik çərçivəsində hüquqi addımlar atmaq, təkzib tələb etmək lazımdır.
Ekspertlər qeyd edir ki, pərakəndə fəaliyyətdən qaçaraq, dövlət qurumları (xüsusilə Diasporla İş üzrə Dövlət Komitəsi və səfirliklər) ilə sinxron şəkildə, vahid strategiya üzrə hərəkət etmək zəruridir.
Bu addımlar xarici dairələrdə formalaşdırılmağa çalışılan birtərəfli rəyin neytrallaşdırılmasına və ATƏT-ə üzv olan 57 dövlətin konsensus qərarına müsbət təsir göstərməyə xidmət edə bilər.
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə baki-xeber.com-a bildirdi ki, son illərdə Azərbaycanın xarici siyasət sahəsində də əldə etdiyi bir sıra əhəmiyyətli uğurları var. “Bu baxımdan Azərbaycanın ATƏT sədrliyinə namizəd irəli sürülməsi hər birimiz üçün qürurvericidir. Bu, Azərbaycana olan beynəlxalq etimadır. Həmçinin ölkəmizin, ölkə başçımızın beynəlxalq imicinin artmasının göstəricisidir. Bütün bu uğurların nəticəsində Azərbaycan ona qarşı aparılan təxribat kampaniyalarına qarşı mübarizə aparmalıdır. Bu məsələlərlə bağlı bir çox beynəlxalq qurumlar tərəfindən, Azərbaycana qarşı fəaliyyət göstərən qüvvələr tərəfindən müxtəlif qaralama kampaniyaları aparılır. Buna qarşı, əlbəttə ki, Azərbaycan ictimaiyyəti, vətəndaş cəmiyyət hər zaman öz etirazını bildirir. Azərbaycan diasporu da bu vəziyyətdə öz etirazını bildirməlidir. Bunun müxtəlif formaları ola bilər. Əlbəttə ki, diasporumuz müxtəlif ölkələrdə tədbirlər keçirə, yerli mediada çıxış edə bilər. Diaspor təşkilatlarımız Azərbaycana qarşı bəyanatlar verən qurumlara cavab olaraq xarici ölkələrin media orqanlarında məqalələrlə çıxış edə bilərlər. Həmçinin, həmin təşkilatlara etiraz məktubları göndərmək, bəyanatlar yaymaq, beynəlxalq platformalar vasitəsilə müxtəlif yazılar, açıqlamalar və müsahibələr yayımlamaq, sosial şəbəkələrdə bu təşkilatların nümayəndələrinə cavab vermək mümkündür. Bütün bunlarla onların haqsız olduqlarını, Azərbaycana qarşı irəli sürülən irad və ittihamların yalan kampaniyanın tərkib hissəsi olduğunu göstərmək lazımdır”.
F.Hüseynzadənin fikrincə, ümumiyyətlə, indiki vəziyyətdə Azərbaycan diasporu yaşadığı ölkələrdə siyasi fəaliyyətini gücləndirməlidir. “Bu fəaliyyət elə formada təşkil olunmalıdır ki, Azərbaycan diasporunun gücü və fəaliyyəti yaşadıqları ölkələrin aidiyyəti qurumları və siyasi dairələri tərəfindən görülsün. Göstərmək lazımdır ki, Azərbaycan diasporu da yaşadığı ölkədə bütün qanunlar çərçivəsində fəaliyyət göstərir və aktivdir. Azərbaycan əleyhinə qərəzli kampaniyalar aparıldığı zaman da diaspor təşkilatları öz fəallıqlarını nümayiş etdirməlidirlər”-deyə F. Hüseynzadə vurğuladı.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə çap olunur.