Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətlərinin nümayəndələri arasında təmaslar davam edir. “Sülh körpüsü” təşəbbüsü çərçivəsində İrəvanda təşkil olunan görüşlərin növbəti mərhələsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan da iştirakçılarla bir araya gəlib.
Ermənistan Təhlükəsizlik Şurasının yaydığı açıqlamada bildirilib ki, Simonyan dəyirmi masa formatında keçirilən müzakirələrin beşinci raundunda həm erməni, həm də azərbaycanlı nümayəndələrlə görüşüb.
Görüş çərçivəsində vətəndaş cəmiyyəti təmsilçiləri Ermənistan rəsmisinə onları maraqlandıran məsələlərlə bağlı suallar ünvanlayıblar. Tərəflər arasında müxtəlif mövzularda fikir mübadiləsi aparılıb, iştirakçıların mövqeləri və mülahizələri dinlənilib.
Qeyd edək ki, “Sülh körpüsü” təşəbbüsünün beşinci görüşü noyabrın 26-da Ermənistanda işə başlayıb. İki gün davam edəcək müzakirələrdə Azərbaycan və Ermənistandan ümumilikdə 60 vətəndaş cəmiyyəti nümayəndəsinin iştirakı nəzərdə tutulub.
Noyabrın 26–27-də keçirilən bu geniş tərkibli dəyirmi masa iki ölkənin vətəndaş cəmiyyəti təmsilçiləri arasında birbaşa ünsiyyətin və qarşılıqlı fikir mübadiləsinin davam etdirilməsinə yönəlib.
Tahir TAĞIYEV