Şimali Kipr Türk Cümhuriyyətinin Girnə şəhərində yerləşən Girnə Amerikan Universiteti (Girne American University - GAU) hazırda iqtisadiyyat və maliyyə sahələrini əhatə edən 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresinə (EMIDWORLD'26) ev sahibliyi edir.
Konqresdə Azərbaycan Turizm və Menecment Universitetini tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı təmsil edir.
"Konqresin təşkilatçıları arasında İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq edən qurumlar və Azərbaycan Turizm və Menecment Universiteti də var.
Mən də həmin konfransda universitetin adından iştirak edib açılış mərasimində təbrik nitqi ilə çıxış etdim. Tədbirdə əsas müzakirə mövzuları iqtisadiyyat, maliyyə, maliyyə riskləri və bu sahədəki aktual məsələlərdir. Konqres sabah da öz işini davam etdirəcək"-deyə profesor Məhərrəm Zülfüqarlı baki-xeber.com-a bildirib.
Qeyd edək ki, 26 noyabrda öz işinə başlayan konqres 28 noyabrda başa çatacaq. Konqres həm üz-üzə (əyani), həm də onlayn formatda təşkil olunub.
Konqresin məqsədi dünyanın müxtəlif ölkələrindən olan akademikləri, tədqiqatçıları və sahə mütəxəssislərini bir araya gətirərək iqtisadiyyat, maliyyə, biznes və sosial elmlər üzrə aktual elmi araşdırmaları bölüşmək və beynəlxalq akademik əməkdaşlığı genişləndirməkdir.
İradə SARIYEVA