Ermənistanın Baş naziri Paşinyan TRIPP layihəsinin reallaşdırılması zamanı ABŞ hərbi qüvvələrinin Ermənistan ərazisində yerləşdirilməsinin gündəmdə olmadığını bildirib. O, layihənin İranın təhlükəsizlik maraqlarına zidd olmadığını və Tehranın narahatlıq doğuran məsələlərinin nəzərə alındığını vurğulayıb.
Noyabrın 26-da jurnalistlərə açıqlama verən Paşinyan İranın müəyyən etdiyi “qırmızı xətlərə” hörmətlə yanaşdıqlarını qeyd edib.
“TRIPP layihəsi İranın qırmızı xətlərini pozmur və gələcəkdə də pozmayacaq. İranla bu məsələ ətrafında daimi dialoqumuz var. Layihə ilə bağlı heç bir gizli məqam yoxdur, bütün məlumatlar ictimaiyyətə açıqdır. ABŞ hərbi qüvvələrinin yerləşdirilməsi isə istisna olunur. Bu barədə dəfələrlə açıqlama vermişik”, – deyə Ermənistanın baş naziri bildirib.
Xatırladaq ki, oktyabrın ortalarında İranın xarici işlər naziri Abbas Əraqçi İrəvana səfəri zamanı Tehranın Ermənistana etibar etdiyini və TRIPP layihəsinin İranın təhlükəsizliyinə qarşı yönəlməyəcəyinə inandığını açıqlamışdı.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da İran tərəfinin layihə ilə bağlı suallarının cavablandırıldığını bildirib. O, xüsusilə marşrut boyunca ABŞ hərbi qüvvələrinin yerləşdirilməsi məsələsinin gündəmə gətirildiyini və İrəvanın buna mənfi cavab verdiyini qeyd edib.
Digər tərəfdən, noyabrın 26-da Ermənistan hökuməti ABŞ ilə TRIPP Development Company (TDC) adlı birgə şirkətin yaradılmasına dair səhmdarlar sazişinin imzalanmasını təsdiqləyib.
Bundan bir neçə gün əvvəl – noyabrın 23-də Paşinyan və ABŞ Prezidenti Donald Tramp video-müraciətlərində TRIPP layihəsinin rəsmi fəaliyyətə başladığını elan etmişdilər. Noyabrın 11-də isə Ermənistan Prezidenti Vaaqn Xaçaturyan ABŞ-la TRIPP üzrə strateji əməkdaşlıq çərçivə sazişinin ratifikasiyasını təsdiqləyən qanunu imzalamışdı.
Qeyd edək ki, 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan üçtərəfli bəyannamə imzalayıblar. Sənəddə TRIPP layihəsinin həyata keçirilməsi üçün Ermənistanın ABŞ və digər tərəflərlə əməkdaşlığı nəzərdə tutulur.
Layihə Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə Ermənistan ərazisindən keçməklə birləşdirəcək 42 kilometrlik marşrutun yaradılmasını əhatə edir. Bu çərçivədə avtomobil və dəmir yollarının, eləcə də neft-qaz infrastrukturunun inşası planlaşdırılır. Marşrutun Türkiyəyə qədər uzadılması da nəzərdə tutulur.
Tahir TAĞIYEV