44 günlük haqq savaşımızda Qarabağımızın azadlığı uğrunda son damla qanına qədər işğalçı erməni dığalarına qarşı döyüşüb şəhidlik zirvəsinə ucalan ər ididlərimizdən bir də Ülfət Qabil oğlu Babazadədir. Adını Vətənin şanlı səhifəsinə yazan Ülfət Lənkəran rayonundakı Daştatük kəndində boya-başa çatıb. Qazanılan parlaq qələbəmizin mərdlik, qəhrəmanlıq simvoluna çevrilən Ülfətlə bütün Azərbaycan xalqı qürur keçirdir. Doğma kəndində indi ən çox əzizlənən, böyük ehtiramla, sevgi və məhəbbətlə çəkilən addır Ülfət. Həmçinin evlərdə doğulan yeni Ülfətlər çoxalır. Artıq şəhidlik zirvəsindən boylanan Ülfətin səpdiyi qəhrəmanlıq toxumu minlərlə ürəkdə cücərir.
Qısa, lakin olduqca şərəfli bir ömür yolu yaşayan Ülfət Babazadə 2000-ci ilin fevralda dünyaya göz açıb. Necə deyərlər, özünü bilən gündən əsas amalı millət, dövlət yolunda vicdanla çalışmaq, yaxşı işlər görmək, ömrünü halallıqla keçirtmək olub. O, orta məktəbi bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başlayıb. Daha sonra öz istəyi ilə Cəlilabaddakı hərbi hissədə Xüsusi Təyinatlı Qüvvələrində yağıdan alacağı qissa gününə hazırlaşıb. Burada onun vətənpərvərliyi, təlimlər zamanı qeyri-adi döyüş bacarığı, qabiliyyəti, Vətənə, doğma torpağa sədaqəti aydın şəkildə bilinib.
İgid Ülfət Babazadə 2020-ci il sentyabrın 27-də yağı əsarətində olan əzəli-əbədi yurd yerimiz Qarabağı azad etmək uğrunda Vətən müharibəsi başlananda ürəklə cəbhəyə yollanıb, Kəlbəcər, Cəbrayıl, Füzuli və Şuşada yağıya qan qusdurub. Belə ki, neçə-neçə odun-alovun içindən zəfərlə çıxan qəhrəman düşmənin çoxlu sayda texnika və canlı qüvvəsini məhv edib. Şuşa savaşında xüsusi rəşadət göstərib. Müharibənin başa çatmasına cəmi 6 saat qalmış Şuşa şəhərinin yaxınlığında şəhidlik zirvəsinə yüksəlib.
Adını Azərbaycanın yeni, şanlı tarixinə yazan Ülfət Babazadə ölümündən sonra dövlət tərəfindən “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının və Şuşanın azadlığına görə medalları ilə təltif olunub. Doğma kəndində torpağa tapşırılan, elinə-obasına şərəf qazandıran şəhid Ülfətin adını əbədi yaşatmaq üçün kəndin mərkəzində xatirə parkı, abidə kompleksi və bulaq inşa edilib.
Şəhidin anım günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra başçısı aparatının kollektivi və ictimaiyyət nümayəndələri kənd qəbiristanlığında yerləşən məzarını ziyarət edib və əziz xatirəsinə ehtiram əlaməti olaraq önünə tər çiçəklər düzüblər.
Taleh Qaraşov şəhid ailəsi ilə həmsöhbət olaraq onların qayğı və problemlərini öyrənib, dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb.
Şəhidin ailə üzvləri də onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü