Sahil İsgəndərov: “İsrailin yaydığı məlumatların məqsədlərindən biri də ABŞ cəmiyyətində, o cümlədən Demokratlar Partiyasında İrana qarşı yeni hərbi addımların zəruriliyinə dair qənaət formalaşdırmaq ola bilər”
İsrail hakimiyyəti İranın Tehranın regiondakı ölkələrə qarşı istifadə etməyi planlaşdırdığı kimyəvi silahlar hazırlamaqda şübhəli bilinir. Ynet-in məlumatına görə, İsrailin müdafiə naziri İsrael Katz İranı yəhudi dövlətinə və regiondakı digər ölkələrə qarşı istifadə üçün kimyəvi silahlar hazırlamaqda ittiham edib.
"İran kimyəvi silahlar hazırlayır. İsrail də, ABŞ da bundan xəbərdardır"-deyə İsrael Katz bildirib.
Portala görə, İran İsrail və ABŞ ilə əvvəlki iki qarşıdurma raundunun nəticələrinə əsasən kimyəvi silahlar hazırlamağa qərar verib.
İsrail naziri qeyd edib ki, Vaşinqton və Təl-Əviv bir müddətdir ki, bu barədə kəşfiyyat məlumatlarına malikdirlər. Buna əsaslanaraq İsrail hakimiyyəti İranın bu cür silahlar hazırlamasına və əməliyyat hazırlığına çatmasına mane olmaq qərarına gəlib.
İsrailin əlində bunu sübut edən arqumentləri varmı? İraqın, Səddam Hüseynin başına açdıqları oyunu İranın da başına gətirə bilərllərmi?
Politoloq Sahil İsgəndərov baki-xeber.com-a bildirdi ki, əslində, İranla bağlı daha sərt və radikal tədbirlərin görülməsinin, hətta hərbi əməliyyatların başlanmasının tərəfdarlarından birinin İsrail olması təəccüblü deyil. “İsrailin xarici işlər naziri İsrael Katzın belə bir bəyanatla çıxış etməsi də bu baxımdan gözləniləndir. Çünki İsrail uzun illərdir İranla münasibətlərində sərt mövqe nümayiş etdirir.
Mən düşünürəm ki, hazırda ABŞ–İsrail–İran üçbucağında kifayət qədər mürəkkəb və qeyri-müəyyən vəziyyət yaranıb. Bir məqamı da xatırlatmaq istəyirəm. İsraildə hökumətin formalaşdırılması prosesi ilə bağlı siyasi ziddiyyətlər mövcuddur. Ölkədə müxtəlif siyasi qüvvələr arasında barışmaz mövqelər var. Ərəb partiyalarının da hökumətin formalaşdırılması prosesində iştirakı məsələsi müzakirə olunur. Müdafiə naziri İsrael Katz isə Netanyahuya yaxın və onun siyasi xəttini dəstəkləyən şəxslərdən biri kimi tanınır.
Mənim qənaətimə görə, hazırda İsrailin əsas məqsədlərindən biri ABŞ-da siyasi vəziyyət dəyişməmiş İrana qarşı yeni hərbi əməliyyatların başlanmasına nail olmaqdır. Xüsusilə Konqresdə hər iki palatanı nəzarət aktına almış demokratların yanvarın 3-də fəaliyyətə başlamazdan əvvəl İsrail bu istiqamətdə təşəbbüslərini gücləndirməyə çalışa bilər. Bu baxımdan, Donald Tramp administrasiyasına göstəriləcək siyasi təzyiqləri də nəzərdən qaçırmaq olmaz.
İsrailin yaydığı məlumatların məqsədlərindən biri də ABŞ cəmiyyətində, o cümlədən Demokratlar Partiyasında İrana qarşı yeni hərbi addımların zəruriliyinə dair qənaət formalaşdırmaq ola bilər. Çünki demokratlar Tramp administrasiyasının İrana qarşı əvvəlki hərbi əməliyyatlarını və bu əməliyyatların siyasi nəticələrini tənqid edirlər. Onların mövqeyinə görə, İranla bağlı məsələlərdə hərbi müdaxilədən daha çox siyasi və diplomatik mexanizmlərə üstünlük verilməlidir. Yeni Konqres fəaliyyətə başladıqdan sonra Tramp administrasiyasının İran siyasəti ilə bağlı hesabat verməsi və müvafiq dinləmələrdə iştirak etməsi də böyük ehtimalla gündəmdə gələ olacaq.
İndi əsas sual budur: İsrailin İranın kimyəvi silahlar hazırlaması ilə bağlı açıqlamaları nə dərəcədə realdır?”. İsrael Katsın iddiasına görə, bu məlumatlarda yalnız İsrail yox, ABŞ da xəbərdardır. Ancaq burada başqa bir sual ortaya çıxır: “Əgər belə ciddi məlumatlar mövcuddursa, niyə indiyədək bunlar geniş ictimaiyyətə açıqlanmaybtəqdim? Niyə bu məlumatlar məhz indi gündəmə gətirilir?”
Məncə, bu açıqlamaların arxasında müəyyən siyasi məqsədlər dayana bilər. Ola bilsin ki, məqsəd həm ABŞ cəmiyyətini, həm də siyasi dairələri İrana qarşı yeni hərbi əməliyyatların zəruriliyinə inandırmaqdır. Bununla belə, İranın həqiqətən də müəyyən hərbi hazırlıqlar aparması ehtimalını da tamamilə istisna etmək olmaz. Mən bu iddiaları nə birmənalı şəkildə qəbul, nə də tamamilə rədd edirəm. Sadəcə, məsələyə ehtiyatla və tənqidi yanaşmağın tərəfdarıyam.
Burada tarixi təcrübəni də unutmaq olmaz”.
S.İsgəndərov xatırlatdı ki, bir neçə il əvvəl ABŞ və müttəfiqləri İraqa hərbi müdaxiləni əsaslandırarkən Səddam Hüseyn rejiminin kimyəvi və bioloji silahlara malik olduğunu iddia edirdilər. “Həmin dövrdə ABŞ dövlət katibi Kolin Pauell BMT Təhlükəsizlik Şurasında çıxış edərək, İraqda kütləvi qırğın silahlarının mövcudluğuna dair “sübutlar” təqdim etmişdi. Böyük Britaniyanın ovaxtkı baş naziri Toni Bleyerin hökuməti də bu iddiaları dəstəkləyirdi.
Sonradan məlum oldu ki, İraqda həmin iddiaları təsdiqləyən kütləvi qırğın silahları ehtiyatları aşkarlanmayıb. Bir sıra beynəlxalq miqyasda tanınmış ekspertlər və analitiklər müharibədən əvvəl də bu iddiaların əsaslılığına şübhə ilə yanaşırdılar. Lakin bütün bunlara baxmayaraq, İraqa hərbi müdaxilə baş verdi, dövlətin siyasi və ictimai strukturları dağıldı, ölkə uzunmüddətli qeyri-sabitlik və qarşıdurma mərhələsinə daxil oldu.
Bəs bu hadisələrə görə kim məsuliyyət daşıdı? Siyasi qərarların qəbulunda iştirak edən şəxslərə heç bir irad da tutulmadı. Nəticədə, yanlış və ya təsdiqlənməmiş kəşfiyyat “məlumatları”nın hansı ağır nəticələrə səbəb ola biləcəyini bütün dünya gördü.
Eyni yanaşmanı Suriya hadisələri ilə bağlı da xatırlatmaq mümkündür. Bəşər Əsəd hakimiyyəti dövründə müxalifətə qarşı kimyəvi silahdan istifadə iddiaları beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilmişdi. Xüsusilə «Ağ dəbilqəlilər» təşkilatının fəaliyyəti və Suriyada baş verən hadisələrlə bağlı yayılan görüntülər hələ də yaddaşlardan silinməyib. Həmin hadisələrin bəzi aspektləri, təqdim edilən məlumatların və həmin təşkilatın fəaliyyəti ilə bağlı şübhə doğurduğu barədə çoxsaylı iddialar da sonradan öz təsdiqini tapdı.
Mən bu nümunələri təsadüfən xatırlatmıram. Çünki beynəlxalq siyasətdə bəzən hərbi müdaxiləyə haqq qazandırmaq üçün təhlükə barədə “məlumatlar” ön plana çıxarılır. Sonradan həmin məlumatların bir hissəsinin təsdiqlənməməsi isə artıq baş vermiş müharibənin nəticələrini dəyişmir.
İndi də görürük ki, əvvəlcə İranın nüvə silahı hazırlaması məsələsi gündəmə gətirilirdi, indi isə müzakirələr başqa silah növləri və hərbi potensialla bağlı iddialara doğru genişlənir. Təbii ki, kimyəvi silah da kifayət qədər təhlükəli silah növüdür. Lakin belə iddialar hərbi müdaxilə üçün avtomatik əsas kimi qəbul edilməməlidir. Əvvəlcə onların müstəqil və etibarlı mənbələr tərəfindən təsdiqlənməsi vacibdir.
Mənim əsas narahatlığım da məhz bununla bağlıdır. İraq, Suriya və Liviya təcrübəsi göstərdi ki, hərbi müdaxilələrin nəticələri təkcə həmin ölkələrlə məhdudlaşmır. Dövlət institutlarının zəifləməsi, daxili qarşıdurmaların dərinləşməsi, humanitar fəlakətlər və regional qeyri-sabitlik uzun illər davam edə bilər”.
S.İsgəndərov bildirdi ki, ona görə də İsrail tərəfindən yayılan bu məlumatlara münasibətdə skeptik yanaşmağın müəyyən əsasları var: “Burada söhbət yalnız mənim şəxsi mövqeyimdən getmir. Beynəlxalq münasibətlər üzrə ekspertlər də bu cür məlumatların mənbəyini, etibarlılığını və hansı siyasi məqsədlərə xidmət etdiyini araşdırmalıdırlar.
Bir məsələni də vurğulamaq istəyirəm: yaxşı bir deyim var – «Yalançının evi yandı, heç kim inanmadı». Beynəlxalq siyasətdə dəfələrlə təkrarlanan, sonradan təsdiqini tapmayan iddialar yeni məlumatlara qarşı ictimai etimadı zəiflədir. Artıq dünya ictimaiyyəti bu cür təcrübələrlə dəfələrlə üzləşib.
Digər tərəfdən, ABŞ cəmiyyətinin, Konqresin və siyasi qüvvələrin bu məlumatları necə qarşılayacağı da mühüm məsələdir. Tramp administrasiyasının İsrailə münasibəti, Netanyahu hökuməti ilə siyasi əlaqələri və ABŞ-ın regional maraqları ayrıca müzakirə mövzusudur. Lakin bu amillər avtomatik olaraq yeni hərbi əməliyyatlara razılıq veriləcəyi anlamına gəlmir.
Mənim qənaətimə görə, İsrail İrana qarşı daha sərt hərbi addımların atılmasında maraqlı ola bilər. Ancaq ABŞ-ın birbaşa iştirakı olmadan İsrailin genişmiqyaslı hərbi əməliyyatlara təkbaşına başlayacağı heç də inandırıcı deyil. Belə bir addım həm regionda gərginliyi daha da artırar, həm də İsrailin və ABŞ-ın beynəlxalq münasibətlər sistemindəki mövqeyinə ciddi təsir göstərə bilər.
Bütün bunlarla yanaşı, məncə, İsrailin hazırkı açıqlamaları Netanyahu hökumətinin öz siyasətinə əlavə dəstək qazanmaq cəhdi kimi də nəzərdən keçirilməlidir. Yəni burada təkcə İranın hərbi potensialı ilə bağlı təhlükəsizlik məsələsindən deyil, həm də ABŞ daxilində siyasi dəstək formalaşdırmaq və beynəlxalq ictimai rəyi müəyyən istiqamətə yönəltmək cəhdindən söhbət gedə bilər.
Bir daha qeyd edirəm ki, bu iddiaları nə tamamilə rədd etmək, nə də təsdiqlənmiş həqiqət kimi qəbul etmək doğrudur. Əsas məsələ məlumatların müstəqil şəkildə yoxlanılması və mümkün hərbi qərarların real faktlara əsaslanmasıdır. Bunun nə dərəcədə nəticə verəcəyini isə zaman göstərəcək”-deyə S.İsgəndərov vurğuladı.
İradə SARIYEVA