ABŞ Dövlət Departamentinin İranda olan vətəndaşlarına ölkəni dərhal tərk etmələri ilə bağlı müraciəti Vaşinqtonla Tehran arasında onsuz da gərgin olan münasibətlər fonunda diqqət çəkir. Xüsusilə bu xəbərdarlığın hərbi əməliyyatların yenidən başlaya biləcəyi barədə müzakirələrin intensivləşdiyi bir vaxta düşməsi təsadüfi görünmür. ABŞ-ın noyabrın 25-də yaydığı xəbərdarlıqda regionda hərbi qarşıdurmanın sürətlə genişlənə biləcəyi, Amerika vətəndaşlarının və ABŞ maraqlarının hədəfə çevrilə biləcəyi vurğulanır.
Digər tərəfdən, Donald Trampın İranla bağlı yekun qərarı yanvarın 1-dən sonra verəcəyini bildirməsi Vaşinqtonun hələlik hərbi və diplomatik variantlar arasında seçim etdiyini göstərir. Bununla belə, ABŞ administrasiyası daxilində İrana qarşı yeni zərbələrin tərəfdarlarının olduğu barədə məlumatlar da mövcuddur.
ABŞ Dövlət Departamentinin amerikalılara İranı dərhal tərk etmək çağırışını necə qiymətləndirmək olar? Bu, Tehrana qarşı psixoloji təzyiq və mümkün hərbi əməliyyatlar öncəsi xəbərdarlıqdır, yoxsa Vaşinqton həqiqətən də yeni hücum dalğasına hazırlaşır? Trampın İranla bağlı yekun qərarı Yeni ildən sonraya saxlaması fonunda belə bir xəbərdarlığın indi verilməsi hansı siyasi və hərbi məqsədlərə xidmət edir? ABŞ-ın hərbi müdaxilə ehtimalı nə dərəcədə realdır və belə bir ssenari Yaxın Şərqdə daha genişmiqyaslı müharibəyə gətirib çıxara bilərmi?
Yaxın Şərqdə geosiyasi gərginliyin yenidən artması ABŞ-ın İrana münasibətdə növbəti addımlarının hansı istiqamətdə olacağı ilə bağlı sualları aktuallaşdırıb. ABŞ Dövlət Departamentinin Amerika vətəndaşlarına İranı dərhal tərk etmək çağırışı etməsi Vaşinqtonun mümkün təhlükəsizlik risklərini ciddi qiymətləndirdiyini göstərir. Bu xəbərdarlıq həm də Tehrana ünvanlanan siyasi və psixoloji təzyiqin tərkib hissəsi kimi dəyərləndirilə bilər. Belə bir addımla ABŞ administrasiyası hərbi müdaxilə variantının hələ də masada olduğunu nümayiş etdirir.
Trampın yekun qərarı Yeni ildən sonraya saxlaması isə Vaşinqtonun diplomatik təzyiq imkanlarından maksimum istifadə etmək niyyəti ilə əlaqələndirilə bilər. ABŞ bir tərəfdən Tehrana müəyyən güzəştlərə getmək üçün vaxt tanıyır, digər tərəfdən mümkün hərbi əməliyyatların siyasi və təhlükəsizlik zəminini hazırlayır. Amerika vətəndaşlarının əvvəlcədən xəbərdar edilməsi də mümkün qarşıdurma zamanı ABŞ vətəndaşlarının üzləşə biləcəyi riskləri minimuma endirmək məqsədi daşıyır. Bununla belə, bu xəbərdarlığı hərbi əməliyyatlarla bağlı yekun qərarın verilməsi kimi qiymətləndirmək doğru olmaz.
ABŞ-ın İrana qarşı yenidən hərbi əməliyyatlara başlaması real ehtimaldır. Lakin Vaşinqtonun genişmiqyaslı müharibədən daha çox konkret strateji hədəflərə yönəlmiş məhdud əməliyyatlara üstünlük verməsi mümkündür. İranın regional təsir imkanlarının zəifləməsi, müttəfiq silahlı qruplarının əvvəlki potensialını qismən itirməsi ABŞ üçün müəyyən strateji üstünlüklər yaradır. Bununla belə, Tehranın Hörmüz boğazında gərginliyi artırmaq, regiondakı Amerika hərbi bazalarını hədəfə almaq və enerji daşımalarına mane olmaq imkanları qalmaqdadır.
Məhz bu amillər Vaşinqtonu mümkün hərbi müdaxilənin nəticələrini diqqətlə hesablamağa məcbur edir. Trampın qərar vermək üçün əlavə vaxt ayırması hərbi variantdan imtina kimi deyil, İranın davranışından asılı olaraq təzyiqin növbəti mərhələsini müəyyənləşdirmək cəhdi kimi qiymətləndirilə bilər. Diplomatik təzyiqlər nəticə verməzsə, yeni hərbi qarşıdurmanın başlanması ehtimalı arta bilər. Belə bir ssenaridə əsas təhlükə münaqişənin İranla ABŞ arasında məhdud qarşıdurma çərçivəsindən çıxaraq daha geniş regional müharibəyə çevrilməsidir.
Dəniz NƏSİRLİ