Elşən Manafov: “Gömrük tariflərinin yüksəldilməsi ilə bağlı məlum qərar hökumətin proteksionist siyasətindən irəli gəlir”
ABŞ Çin, Avropa İttifaqı və daha 14 ölkədən gələn mallara tarifləri artırmağa hazırlaşır. Avropa İttifaqı, Yaponiya və Cənubi Koreyanın 15% həcmində tariflərlə üzləşəcəyi gözlənilir, Çin, Hindistan və Vyetnam isə daha yüksək dərəcələrlə qarşılaşa bilər.
"The Wall Street Journal" qeyd edir ki, yeni rüsumlar idxal olunan malların əksəriyyətinə şamil ediləcək və ehtimal ki, mövcud 10-12,5% həcmindəki tariflərin üzərinə əlavə olunacaq. ABŞ Ticarət Nümayəndəliyi yeni rüsumları əvvəlki tariflərin üzərinə əlavə etməyi təklif edəcək. Yeni tədbirlər fevral ayında ABŞ Ali Məhkəməsinin ləğv etdiyi tariflərin bir hissəsini əvəz etməyə yönəlib.
Görünən odur ki, Tramp köhnə siyasətinə yenidən qayıdır. Məlum olduğu kimi, Respublikaçılar Partiyası seçkilərdə məğlubiyyətə uğrayıb və bunun bir səbəbi qiymət artımıdır. Bütün bunlardan sonra rüsumları qaldırmaqda Trampın məqsədi nədir?
Sözügedən məsələyə aydınlıq gətirən politoloq Elşən Manafov baki-xeber.com-a açıqlamasında bildirdi ki, Tramp administrasiyasının noyabrın 25-də yenidən Çin, Hindistan, Avropa İttifaqı, habelə adı çəkilən 14 dövlətə münasibətdə gömrük tariflərinin yüksəldilməsi ilə bağlı məlum qərarı hökumətin proteksionist siyasətindən irəli gəlir: “ABŞ hökuməti adı çəkilən dövlətləri dövlət subsidiyaları, habelə güzəştli kreditlər hesabına öz ölkələrinin sənayelərini dəstəkləməkdə qınayır. Ağ Evə görə bu cur dəstək hesabına adı çəkilən dövlətlər dünya bazarına ucuz elektromobillər, məişət texnikası, enerjini günəşdən alan panellər və s. çıxardırlar. Bu da dünya bazarlarında onların satış qiymətlərini bahalı ABŞ məhsulları ilə müqayisədə əlçatan edir. Bundan əlavə məlum subsidiya və güzəştli kreditlər hesabına bır sıra xarici şirkətlər öz istehsal sənaye müəssisələrini və işçi qüvvələrini ABŞ-a köçürürlər. Bu isə ABŞ-da ucuz işçi qüvvəsinin artmasına, müvafiq olaraq yüksək qiymətlərlə çalışmağa öyrənmiş amerikalılar arasında işsizliyə, əmək yerlərinin itirilməsinə, ABŞ-da vergi ödəyicilərinin sosial durumunun ağırlaşmasına gətirir.
Gömrük tariflərinin yüksəldilməsi ilə bağlı qərar həm də ABŞ Ali Məhkəməsinin 2025-ci ilin fevralında Trampın məlum sanksiyalarını qanuna zidd olduğunu bəyan edərək onları ləğv etməsi barədə qərarından yayınmaq üçün düşünülmüş fənddir. Belə ki, bu dəfə Ağ Evə məlum dövlətlərə qarşı yüksək gömrük tariflərini ticarət barədə ABŞ-da hələ 1974-cü ildə qəbul edilmiş 301 saylı düzəlişə əsasən həyata keçirməyi düşünür. Onun da məhkəmə yolu ilə ləğvi bir sıra yüridik proseslərə görə çox mürəkkəbdir”.
Vidadi ORDAHALLI