İtaliyanın Baş naziri Corcia Meloni Ukraynanın Liviyanın Benqazi limanı yaxınlığında Rusiya gəmilərinə hücumlarını şərh edərək müharibənin Aralıq dənizinə yayılmasının yolverilməz olduğunu bildirib.
Meloni Brüsseldə keçirilən Aİ sammiti çərçivəsində jurnalistlərə açıqlamasında bu məsələdə Ukrayna Prezidenti Volodimir Zelenskiyə və Qərb tərəfdaşlarına mövqelərini açıq şəkildə çatdıracaqlarını deyib.
İtaliya hökumət başçısı eyni zamanda Ukraynanın özünümüdafiəsinə dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb. O, Kiyevə göstərilən yardımla Liviyadakı hücumları bir-biri ilə əlaqələndirməyəcəyini qeyd edib.
Xatırladaq ki, Ukraynanın Benqazi yaxınlığında Rusiya hərbi korveti və silah daşınmasında istifadə edildiyi bildirilən yük gəmisinə zərbə endirməsi İtaliyada narahatlıq yaradıb. Fransa isə Ukraynanın bu addımını özünümüdafiə hüququ çərçivəsində qiymətləndirib.
Tahir TAĞIYEV