Bəzən, həyatda elə insanlarla rastlaşırsan ki, elə ilk andaca onlarda özünə bir doğmalıq hiss edirsən. O, sənin üçün əziz olan adamlardan birinə çevrilir. Zaman keçdikcə daha yaxından tanış olursan və görürsən ki, zənnində yanılmamısan, hissin səni aldatmayıb.
Nəzakət xanım Məmmədova ilə ilk tanışlığımız da məhz bu cür oldu. Onunla ədəbiyyatla bağlı tədbirlərin birində görüşüb, tanış olduq. Yetərincə mehriban, gülərüz, xoşgörülü, istiqanlı və səmimi bir xanıməfəndi ilə tanışlığımızdan çox məmnun oldum. Sonralar, onun eyni zamanda işgüzar, çalışqan bir jurnalist, istedadlı bir şair olduğunun da fərqinə vardım. O, ədəbi mühitdə qədim ənənələrimizə söykənən xanım-xatınlığı ilə seçilir, incə zövqlü bir şair, obyektiv bir qələm adamı olmağı ilə ədəbi ictimaiyyətin diqqətini cəlb edirdi. Müşahidələrimdə hər kəsin ona sayqı duyduğunun, böyük hörmət və ehtiramla yanaşdığının şahidi oldum. Cəmiyyətin insanlara münasibətdə çaşqınlıq içində qaldığı bir zamanda bunu qazanmaq, əlbəttə, elə də kolay deyil. Bunun üçün insandan onu əhatə edənlərə diqqət, obyektiv münasibət, təmkin, səbr və bütün bunların səmimiyyətlə onun yaradıcılığına yansıması tələb edilir. Nə xoş ki, bütün bunlar Nəzakət xanımın xarakterində bir bütöv halındadır. Onun adı xasiyyətini elə gözəl tamamlayır və düşünürsən ki, kaş hər kəs adının mənasına bu cür sahiblənə biləydi.
Kitablarının birində adımı tutub, ünvanıma bir şeir yazdığını da çox sonralar bildim. Bu cür hallarda, adətən, müəlliflər şeir ithaf etdiyi adamı həmən bundan xəbərdar edirlər, qarşı tərəfdən təşəkkür gözləyirlər. Nəzakət xanım isə bu barədə mənə heç nə deməmişdi. Həmin şeiri onun təsadüfən əlimə düşmüş kitabından oxudum. Mənə elə gəlir, bu məqamda ona elə əsil təşəkkür etməyin yeri var. Çox sağ olsun. Minnətdaram.
Nəzakət xanımın redaktorluğu ilə nəşr edilən "Yada düşdü" dərgisini də həvəslə və zövqlə izləmişəm və yazıları oxucuqca böyük Səməd Vurğunun " Bizdən əvvəl gələnlərə borcumuzdur bu ehtiram" misrasını xatırlamışam. Dərgidə yaxın keçmişimizin ünlü yazarlarının, alimlərinin, incəsənət xadimlərinin həyat hekayələrinə çağdaşları tərəfindən ayna tutulur, onların ömürlüyündən ilginc səhifələr xatırlanır. Kimsədən təmənna ummadan belə bir şərəfli işin öhdəsindən gəlmək də hər yazarın işi deyil.
"Xatirə Kitabı" isə Nəzakət Məmədovanın ömrünün mənasına çevrilib, demək olar. Bu kitabın cildlərinin hansı bilik, bacarıq və zəhmət bahasına başa gəldiyini onun özü qədər bilən olmaz yəqin ki. Həmin çoxcildliyi Nəzakət xanım, səxavət göstərib, bizim Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evinə də bağışlayıb. İndi o kitablardan sumqayıtlılar da yararlana bilir, gərəkli materialları axtarıb oradan tapa bilirlər.
Bir az da düşünsəm, Nəzakət xanıma təşəkkür etmək üçün çox səbəblər tapa bilərəm. Ona ən böyük təşəkkür isə sadəcə dostluğumuzda, doğmalığımızda və ədəbiyyatımızda var olmasına görə düşür. Həmişə var olun, həmişə varımız olun, əziz insan, doğma adam! Uzun ömür, möhkəm cansağlığı, könül xoşluğu daim sizinlə olsun! Yubileyiniz qutlu olsun! Təbrik edirəm! Ən xoş diləklərimi ismarlayıram!
İbrahim İlyaslı
Azərbaycan Yazıçılar Birliyi, Poeziya bölməsinin rəhbəri