Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Almaniyanın xarici işlər naziri Yohann Vadefulun Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı açıqlamalarını ölkənin daxili işlərinə kobud müdaxilə kimi qiymətləndirib.
Zaxarova noyabrın 26-da keçirdiyi brifinqdə bildirib ki, Avropa İttifaqının Cənubi Qafqaz siyasəti regionda Rusiyanın mövqelərini zəiflətməyə və yeni gərginlik ocaqları yaratmağa hesablanıb.
Onun sözlərinə görə, Moskva regionda sülhün, sabitliyin və təhlükəsizliyin qorunmasının tərəfdarıdır. Zaxarova həmçinin “3+3” regional əməkdaşlıq platformasının fəaliyyətinin yenidən aktivləşdiriləcəyini açıqlayıb.
Rusiya XİN rəsmisi vurğulayıb ki, Ermənistanın Konstitusiyasının dəyişdirilməsi ilə bağlı qərarı yalnız erməni xalqı müstəqil şəkildə verməlidir və kənar ölkələrin bu məsələyə müdaxiləsi yolverilməzdir.
“Almaniyalı rəsminin Ermənistan Konstitusiyası ilə bağlı mülahizələri suveren dövlətin daxili işlərinə açıq və kobud müdaxilədən başqa bir şey deyil. Bu cür qərarları Ermənistan xalqı heç kimin müdaxiləsi və kənardan verilən istənilməyən məsləhətlər olmadan, müstəqil şəkildə qəbul etməlidir. Üstəlik, üzr istəyirəm, bu məsələ Almaniyaya ümumiyyətlə aid deyil”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
Xatırladaq ki, Almaniyanın xarici işlər naziri Yohann Vadeful noyabrın ortalarında Ermənistan və Azərbaycana səfərindən sonra verdiyi müsahibədə yekun sülh sazişinin imzalanmasından əvvəl Ermənistanın Konstitusiyasını dəyişdirməsinin və ya yeni Konstitusiya qəbul etməsinin vacibliyini bildirmişdi.
Tahir TAĞIYEV