Axşamdan yarıyuxulu, azacıq mürgülü gözlərini göyün yaxasından nənni kimi asılmış üçgünlük Ayın açıq yaxasından çəkə bilməyən Günəş indi də soyumaqda olan ilıq şüalarını könülsüz götürüb ehmal-ehmal dağların arxasına keçmək fikrinə düşmüşdü... O, ya Aydan küsmüşdü, ya da səhərə qədər hürən itlərdən, məqsədi, bəlkə də dağların arxasına çəkilib süst xəyallarla üz-üzə qalmaq idi...
Qarşıda da qorxu-vahimə yaradan atəş səsləri eşidilirdi. Aşağı vadidəki kəndlərin yaşlı sakinləri qıyqışqırıq salmışdılar ki, ermənilər Şuşaya girir. Üzərinə əsasən ictimai asayişi qorumaq vəzifəsi qoyulan polis leytenantı Sadıq Hüseynov silahını çiyninə aşırıb qapısının ağzında əllərini bərk-bərk dizlərinə çırpan yaşlı qadından soruşdu:
- Nə baş verib, niyə belə ah-vaydasan?
Qadın əllərini dizlərinə çırpa-çırpa da cavab verdi:
- Daha nə olsun ki, ay bala, ermənilər Şuşaya girib.
Sadiq Hüseynov dizlərini bəlkə də qançır etmiş qadından bir də soruşdu:
- Şuşa hələ öz əlimizdədir, ermənilər oraya nə vaxt girdi ki?
Qadın eyni səksəkə ilə cavab verdi:
- Sən bilmirsən, ay oğul, ermənilər Şuşaya girib.
Sadiq Hüseynov təəccüblə bir qarşı təpələrdən qalxan qara tüstüyə, bir də dizlərini parçalamaqda davam edən qadına baxdı, bir anlıq elə bildi, dünyanın sonudur, qiyamət qopub, azacıq duruxdu, bir də zəndlə qadını süzdü, nədənsə onun qırışmış yanaqlarından axan qanın rəngi sarıya çalırdı. Qınamadı, - neyləsin, can şirin şeydir, - dedi. Sonra avtomatını çiynindən çıxarıb əlində tutdu, altdan yuxarı tüstü qalxan səmtə boylandı. Tüstü həm get-gedə çoxalır, həm də kömür rəngi alırdı. Bu “mənzərə” onu açmadı, tez ştaba getməli idi. Addımlarını yeyin hala gətirmək istəyirdi ki, başqa bir yaşlı qadının yan səmtdəki darvazanı bərk-bərk döydüyünü gördü. Həyətdəki üstü kirəmitli evdən hamilə bir qadın çıxdı, səksəkə içində həyətə endi, qapını açmağa macal tapmamış səs eşitdi:
- Yığış, ay qonşu, ermənilər aşağı küçədən kəndə giriblər. Hamı qaçır, kənddə müsibət yaşanır.
Səs arada elə təlaş yaratdı ki, Sadiq Hüseynov əməlli-başlı narahat oldu. Düşündü: - Bu qadın hamilədir, o, bu halda digərləri ilə necə ayaqlaşacaq? - Narahatlığı fikir çəpərindən aşmamış daha bir yaşlı qadın saçlarını yola-yola dedi:
- Şuşa od-alov içində yanır, ay camaat, evimiz yıxıldı.
Bu ah-vay da Sadiq Hüseynovu daha ciddi narahat etdi: - Şuşa necə işğal oluna bilər axı, özünümüdafiə dəstələrimiz neçə vaxtdır Şuşa ətrafında pusqudadır? İçini qara fikirlər sardı: - Bəlkə hamısı... - Sözünün ardını gətirmədi: - Onlar ki, son dərəcə ayıq, çevik polislərdir, erməni nə karədir ki, Şuşaya girə bilsin? İnşallah, deyilənlər yalan olar... Nikbin ovqatda axır ki, Şuşaya yaxın ərazidəki ştaba çata bildi, salam vermək bəlkə də yadından çıxdı, dərhal da sağ otaqda kağızlarla əlləşən kapitandan soruşdu:
- Bu camaat nə deyir, yoldaş kapitan?
- Hansı camaat? - Kapitan eynəyini burnunun ucuna sürüşdürüb soruşdu.
Sadiq Hüseynov təəccüblə kapitanı süzdü:
- Necə yəni hansı camaat? Burda, bu kənddə yaşayanları deyirəm.
Kapitan halını pozmadan dedi:
- Şuşa gedəcəksə, gedəcək. - Bu an o, Sadiq Hüseynovun qəzəblənə biləcəyindən ehtiyat etdi, sözlərinə mülayim sözlər qatdı: - Nə edə bilərik, əlimizdə düşmənə müqavimət göstərə biləcək nə var? Beş-on avtomatla yeri-göyü lərzəyə gətirən tankların qarşısında nə edə bilərik, leytenant?
Sadiq Hüseynov camaatın sözünə əmin olmaq üçün bir daha soruşdu:
- Yəni, ermənilər Şuşaya giriblər?
Kapitan əlini ora-bura qaçan insanlara tuşlayıb dedi:
- Bayaqdan bu camaat nə deyir? - Ani olaraq gözlərini Şuşaya tərəf dikib dedi: - Şuşadan gözümüzü çəkməliyik...
Sadiq Hüseynov indi əməlli-başlı qəzəbləndi:
- Siz nə deyirsiz, yoldaş kapitan?!
Kapitan rəfdə qalmış kağızları da götürüb dedi:
- Buranı təcili tərk etməliyik. Qayıt posta, öhdəndə olan əsgərləri də götür, camaatın getdiyi səmtə get.
Sadiq Hüseynovu əvvəlcə qaynar qəzəb, sonra da sopsoyuq dəhşət bürüdü: - Bu kapitan nə danışır, bu adamın damarında kimin qanı axır, yəni bunun heç vicdanı yoxdur? Gör, Şuşanın işğalını necə də soyuqqanlı qarşılayır. - Sonra da əlavə fikrə düşdü ki, o, özbaşına deyil, kimsə onu bu hala-hərəkətə məcbur edir.
Kapitan ştabdan çıxan kimi iti addımlarla onu bir az aralıda gözləyən maşına sarı qaçdı. Nə düşündüsə, o tərzdə də geri qayıtdı, bu dəfə bir qədər mülayim şəkildə dedi:
- Yeni ailə qurmusan, həyatını boş yerə hədər etmə. Sənə bir şey olsa, ailənin qayğısına kim qalacaq? - Gicgahını ova-ova əlavə etdi:- Sən elə bilirsən mən qorxağam? Əsla! Vəziyyət belə tələb edir. - Yenə bayaq dediyi sözü olduğu kimi təkrarladı: - Şuşa gedəcəksə, gedəcək...
Sadiq Hüseynov nəsə deməyə macal tapmamış kapitan yenidən sürətlə maşına tərəf qaçdı, maşına oturan kimi də aranı qatı toz basdı...
Sadiq Hüseynov nifrət dolu baxışlarını kapitanın getdiyi səmtə tuşladı, avtomatının güllə darağını yoxladı, silahı hazır vəziyyətə gətirib polis şöbəsinə tərəf addımladı. Xeyli aralanmışdı ki, ştaba iki mərmi düşdü. Dərhal da toz qara tüstüyə, tüstü qatı toza qarışdı. Sadıq Hüseynov indi əmin oldu ki, Vətən andı hamıda eyni deyil...
Sadiq Hüseynov şöbəyə qədər ancaq kapitanı dediyi sözlərə görə məzəmmət etdi: “Qayıt posta, əsgərlərini götür, camaatın getdiyi səmtə get”. - Əsəbləşdi: - Komandir məni fərari olmağa sövq edir? Necə yəni, geri çəkil?! - Kəskin şəkildə heyfisləndi: - Sən qaç, mən qaçım, bəs Şuşaya kim sahib çıxsın? - Bu fikirlərin cəngində şöbəyə çatdı. Orada cəmi üç nəfər vardı. Sadıq Hüseynov dərhal soruşdu:
- Bəs qalanlar hanı?
Nazik bığlı zabit dedi:
- Əmr gəldi ki, geri çəkilirik, onlar da buna bənd idilər, çıxıb getdilər.
Sadiq Hüseynov hirsləndi:
- Onların o qorxaq kapitandan heç bir fərqi yoxdur. - Ani susdu, qəfil də kükrədi:- Tüpürüm sizin kişiliyinizə, Şuşa qrad mərmilər altında can verir, bunlar da geri çəkilirlər...
Digər qarabuğdayı zabit soruşdu:
- Sən nə deyirsən, cənab leytenant? Biz sənin əmrinə müntəzirik.
Sadiq Hüseynov əlini ürəyinin üstünə qoyub dedi:
- Əstəğfürullah, mən dostlarıma əmr vermərəm, sadəcə, xahiş edərəm.
Zabit susdu, Sadiq Hüseynov əlavə etdi:
- Biz Şuşaya girməliyik. Üst tərəfdəki kəndlərin bir neçəsi işğal edilib. Aşağı kəndlərin də camaatı təlaş içindədir. Xeyli köç var. Biz ermənilərə qarşı döyüşməliyik. - Saçlarını qarışdıra-qarışdıra üzünü dostlarına tutdu: - Nə deyirsiz? - Onlar da bir ağızdan dedilər: - Döyüşməliyik...
Sadiq Hüseynov məmnun baxışlarla onlara təşəkkür etdi, sərt-sərt avtomatına baxdı. Bu an bir əsgər qaça-qaça ona yaxınlaşdı, papağı ilə tərini silə-silə dedi:
- Cənab leytenant, yuxarı şöbəyə qrad düşüb, xeyli yaralımız var.
Sadiq Hüseynov bu qəfil xəbərdən kəskin sarsıldı, ovqatsız halda üzünü dostlarına tutdu:
- Siz o kəsəkli qaya tərəfdən gələn yola nəzarət edin, mən şöbəyə gedirəm. - Dedi və külək sürəti ilə yuxarı səmtə qaçdı...
Şuşaya daha güclü hücum başlandı. Bir anın içində elə mərəkə qopdu ki, dağlar gözəli beşik kimi yırğalandı. Ermənilər tanklarla, iri çaplı silahlarla şəhərə atəş açmağa, qarşılarına keçəni əzib-tökməyə başladılar. Şübhəsiz, burada da demək olar ki, heç kim qalmamışdı, əli-ayağı yer tutan dünən gecədən buranı tərk etmişdi.
Aşağı kəndləri də ah-nalə səsləri bürümüşdü. İnsan səsləri heyvan səslərinə qarışmışdı. Güllə səsləri, tankların nəriltisi ovqata çox pis təsir edirdi. Təxminən iki yüz ev olan kənddə yalnız beş-on yaşlı insan qalmışdı. O qocaları da ermənilər kəndin girəcəyindəki klubun qarşısında güllələdilər. Sonra silahlarını yuxarı qaldırıb bir ağızdan dedilər:
- Qarabağ bizimdir!
Erməni zabit fısıldaya-fısıldaya dedi:
- Kəndi yaxşı-yaxşı axtarın, dəyərli əşyalara, evlərə xətər toxundurmayın, onlar bizə lazımdır. Siz bu kənddə ev yandırmaqdan daha çox insan ovuna çıxın. Tapdığınız adamları öldürməyin, onlar da bizə əsir kimi çox lazımdırlar. - Eyni görkəmdə qışqırdı: - Eşitdiz?
Zabitin əmrindən sonra onlarla əli silahlı erməni kəndə dağılışdı. Kəndin adamları iki-üç gün əvvəl qəfil həmləyə tuş gəldikləri üçün təlaşdan özləri ilə heç nə götürə bilməmişdilər. Bu da o demək idi ki, ermənilər üçün bu kənddə çoxlu qənimət var.
Erməni zabitin əmri ilə əli silahlı saqqallılar qarşıdakı kəndlərdə olmazın vəhşiliklər törətdi, itləri, toyuqları, inəkləri, qoyunları, hətta daşı-divarı gülləbaran etdilər. Sadəcə, anlamaq olmurdu ki, onlarda azərbaycanlılara qarşı olan bu aşkar nifrətin səbəbi nədir...
Beləcə, ermənilərin insanlığa sığmayan hərəkətləri artdıqca, kəndlər də xarabalığa çevrilirdi.
Sadiq Hüseynov bərk yorulmuşdu, həm də möhkəm tərləmişdi. Havada soyuq işartılar var idi. Buludlar get-gedə qaralırdı. Əlində beşatılan tüfəng olan kişi üzünü tez-tez arxada qalanlara tutub deyirdi:
- Dala qalmayın, erməni köpəyuşağı dalımızca gəlir. Bir də gördüz, budu ey, kəsdirdilər başımızın üstünü. Hərəniz bir can daşıyırsız, yorulmaq nədi, biz bu kənddən çıxmalıyıq. İki yüz metr aralıda öz əsgərlərimiz var. Özümüzü onlara çatdırmalıyıq.
Sadiq Hüseynov qıyqacı baxışlarla onu süzdü:
- Doğru deyirsən, dayı. Erməniyə yem olmaqdansa, özünüzə əziyyət verib o tərəfə keçməlisiz. - Ətrafa işarə etdi: - Həm də içinizdə gör nə qədər qız-gəlin, uşaq var. Onları ələ verə bilməzsiz.
Tüfəngli kişi sanki onun bu sözünə bənd idi, daha möhkəmdən qışqırdı:
- Dala qalmayın, ana-bacılarımızı bu itlərdən qorumalıyıq. - Sonra nə düşündüsə, soruşdu:
- Sən burda niyə dayanmısan, ay oğul, canına hayıfın gəlmir?
Sadiq Hüseynov əlini yuxarı səmtə uzadıb dedi:
- Ermənilər şöbəmizi qradla vurublar, çoxlu yaralımız var, mən onları xilas etməyə gedirəm.
Kişi çöhrəsinə təbəssüm qondurub dedi:
- Əhsən sənə, oğul, əhsən. Allah köməyin olsun, get, qurtar onları.
Qarşıdakı yastı təpələrdə misilsiz bir sakitlik var idi. Köçdəki insanlardan heç kim, heç Sadiq Hüseynov da bu sakitliyin səbəbini, sirrini anlaya bilmirdi. Axı nə baş verir? Bu dəqiqə ətrafda acı uğultular meydan sulamalıdır, çünki kəndlər od-alov içində qovrulur, insanların, hətta heyvanların, quşların belə ah-nalələri ərşə qalxıb... Xülasə, heç kim nə baş verdiyini anlamırdı. Arada çox çətinliklə eşidilən top səslərindən anlaşılırdı ki, ermənilər kəndlərimizi viran etməkdən həzz alırlar...
Sadiq Hüseynov tərin-qanın içində şöbəyə çatdı. Şöbə mərmi zərbələrindən darmadağın olmuşdu. Yaxın ərazilərə tez-tez qrad düşürdü. Şöbənin əhatəsində on-on iki yaralı var idi. Sadiq Hüseynov vaxtı fövtə vermədi, onları bir-bir çiyninə alıb təhlükəsiz yerə çıxartdı. Çox güc sərf etdi. Ancaq dayana bilməzdi, polislərdən biri çox ağır yaralanmışdı, onu mərmi altından sürünə-sürünə çıxartmalı idi. Belə də etdi. Yaralı zabiti çiyninə alıb süründü. İki həmlədən bir dedi: - Qorxma, qardaşım, səni burdan çıxaracam. - Zabit çoxlu qan itirmişdi, sağ qalacağına güman yox idi, Sadiq Hüseynov ona, sadəcə, ürək-dirək verirdi. Beş-on metr irəliləmişdilər ki, yanlarına qrad düşdü. Sanki zəlzələ oldu, ərazi elə silkələndi ki... Mərmidən qopan qəlpə Sadiq Hüseynovu da ağır yaraladı, az qaldı huşunu itirsin. Lakin özünü ələ ala bildi, kəskin ağrısı və qanaxması olsa da, yaralı zabiti ölüm xəttindən çıxartdı...
Bir azdan köməkçi qüvvələr yaralıların hamısını qospitala apardılar...
Bu hadisə 29 mart 1992-ci ildə oldu. Sadiq Hüseynovcanından çox sevdiyi Şuşa uğrunda yaralı döyüşçüləri atəş xəttindən çıxararkən özü də ağır yaralandı. Bu, onu zərrə qorxutmadı. Əmin idi ki, ölüm Vətən sevgisini üstələyə bilməz. İnanırdı ki, Şuşa erməni əlində can verməz...
13 aprel 1992-ci ildə Şuşa sevdalısı, Şuşa fatehi Sadiq Hüseynov əbədi olaraq gözlərini yumdu. İyirmi beş gün sonra - 8 may 1992-ci ildə Azərbaycanın həyat butası Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi...
(Ardı var)
Hikmət Məlikzadə