Türkiyənin “Beşiktaş” klubu ilə İsrailin Beer-Şeva şəhərini təmsil edən “Hapoel” komandası arasında keçirilən futbol qarşılaşması ciddi insidentlərlə yadda qalıb. UEFA Avropa Liqasının ümumi mərhələsinin V turu çərçivəsində baş tutan oyun tribunadakı qarşıdurmalar səbəbindən təxminən 35 dəqiqəlik fasiləyə məcbur olub.
Qarşılaşmanın Gürcüstanda keçirilməsi də xüsusi diqqət çəkib. Türkiyədə İsrail komandasının təhlükəsizliyinə tam təminat verilmədiyindən oyunun neytral meydanda, Batumidə təşkili qərara alınıb.
Lakin təhlükəsizlik məqsədilə seçilən məkanın özü də gərginliyin qarşısını ala bilməyib. Hadisələr tribunada Türkiyə azarkeşlərindən birinin Fələstin bayrağı açmasından sonra başlayıb. Təhlükəsizlik əməkdaşlarının bayrağı götürməyə cəhd etməsi digər “Beşiktaş” tərəfdarlarının etirazına səbəb olub. Qısa müddətdə mübahisə kütləvi qarşıdurmaya çevrilib.
Azarkeşlər oturacaqları sındıraraq Gürcüstan polisinə tərəf atmağa başlayıblar. Asayiş keşikçiləri isə vəziyyətə müdaxilə edərək gözyaşardıcı qazdan istifadə ediblər. Nəticədə stadionda ciddi qarışıqlıq yaranıb.
Baş hakim oyunu 25-ci dəqiqədə, hesab 0:0 olarkən dayandırıb. Təhlükəsizlik tədbirlərindən sonra qarşılaşma yenidən bərpa edilib. Gərgin keçən qarşılaşmada sevinən tərəf "qara qartallar" olub. "Beşiktaş" rəqibini 2:1 hesabı ilə məğlub edib.
Hadisə Türkiyə-Gürcüstan diplomatik təmaslarına da səbəb olub. Türkiyənin xarici işlər naziri Hakan Fidan baş verənlərlə bağlı gürcü həmkarı Maka Boçorişvili ilə telefon danışığı aparıb. Tərəflərin söhbətində matç zamanı yaranmış vəziyyətin müzakirə edildiyi bildirilir.
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi də Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili ilə baş verən hadisələrlə bağlı telefon danışığı aparıb.
Mustafa Çiftçi türk azarkeşlərə qarşı qeyri-mütənasib güc tətbiq edilməsindən narazılığını ifadə edərək, onların Türkiyəyə təhlükəsiz şəkildə qayıtmalarının təmin olunmasını istəyib.
Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili isə Fələstin bayraqlarını azarkeşlərdən alan şəxslərin Gürcüstan dövlət qurumlarının nümayəndələri deyil, UEFA rəsmiləri olduğunu bildirib.
Tamazaşvili, həmçinin baş verən insidentlərlə əlaqədar daxili işlər nazirinin müavinini stadionun ərazisinə göndərdiyini türkiyəli həmkarının diqqətinə çatdırıb.
“Beşiktaş” rəhbərliyi isə polis əməkdaşlarının azarkeşlərə qarşı, klubun fikrincə, qeyri-mütənasib güc tətbiq etməsini pisləyib. Klub nümayəndələri UEFA və Türkiyənin Batumidəki Baş Konsulluğu ilə əlaqə saxladıqlarını açıqlayıblar.
Komandanın rəhbərliyi bütün azarkeşlər təhlükəsiz şəkildə Türkiyəyə qayıdana qədər hadisələri nəzarətdə saxlayacaqlarını bəyan edib.
Beləliklə, futbol qarşılaşması təkcə idman hadisəsi kimi deyil, Fələstin məsələsi ətrafında yaranan ictimai-siyasi həssaslığın beynəlxalq idman meydanına da təsir göstərdiyini nümayiş etdirən insident kimi gündəmə gəlib.
Tahir TAĞIYEV