Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ümumən cinayətkarlığa, o cümlədən mülkiyyət əleyhinə olan növlərinə qarşı mübarizə çərçivəsində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bir sıra oğurluqlar törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilib saxlanaraq istintaqa cəlb edilib.
Belə ki, DİN-in Kriminalistik Təhqiqatlar İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi və 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 3 evdən noutbuk, mobil telefon, qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Ramiz Bayramov saxlanıb.
Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən isə rayon ərazisində avtomobillərdən, mağazadan və müxtəlif inzibati binalardan 9 nəfərə məxsus mobil telefonlar, planşet, telefon aksessuarları oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini Spartak Salahov saxlanıb.
Faktlarla bağlı cinayət işləri başlanıb. Araşdırmalar aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı