İyulun 13-də Səbail RPİ-nin 39-cu Polis Bölməsinə müraciət edən yaxınlıqdakı klinikalardan birinin qadın tibb işçisi içərisində 500 manatı olan pul qabının oğurlandığını bildirib. O, izahatında hadisənin müalicə olunmaq adı ilə müraciət etmiş bir nəfər otaqda tək qaldığı vaxt ərzində baş verdiyindən şübhələndiyini bildirib.
39-cu Polis Bölməsinin əməkdaşlarından ibarət əməliyyat qrupu qısa müddətdə həyata keçirdikləri zəruri tədbirlərlə həmin şəxsin xarici görünüşünü müəyyən ediblər. Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə şübhəli şəxs yaxınlıqdakı parklardan birində saxlanaraq Polis Bölməsinə gətirilib.
Araşdırmalarla onun Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş Arif Əliyev olduğu müəyyən edilib. Tutarlı dəlillər qarşısında o, törətdiyi əməli etiraf edib. Ətrafında aparılan tədbirlərlə onun cari ilin fevral ayında rayon ərazisindəki rabitə müəssisələrinin birindən eyni yolla oğurluq etdiyi də müəyyən edilib.
Faktla əlaqədar cinayət işi başlanıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.
Natiq CAVADOV DİN mətbuat xidmətinin əməkdaşı