Vətəndaşlara məxsus şəxsi təsərrüfatlardan iri və xırda buynuzlu mal-qara oğurlayan şəxslərə qarşı mübarizə tədbirlərini gücləndirmək məqsədilə daxili işlər orqanları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Sərxanbəyli kənd sakini Xanəhməd Məmmədova məxsus yardımçı təsərrüfatdan 2 baş inək oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş İlyas Bədəlov və onun dayısı oğlu, Xocavənd rayon sakini, əvvəllər məhkum olunmuş Ramil Cəfərov tutulub.
Saxlanan şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri ilə onların Sabirabad və ətraf rayonların ərazilərində yerləşən 13 fərdi təsərrüfatdan ümumi dəyəri 25 min manatdan artıq olan 20 baş iribuynuzlu mal-qara oğurladıqları da məlum olub.
Qeyd edək ki, İ.Bədəlov və R.Cəfərov oğurladıqları mal-heyvanların bir qismini Bərdə rayonunda yerləşən bazarda sataraq əldə etdikləri pulu aralarında bölüb. Heyvanların qalan hissəsi isə İ.Bədəlovun Bərdə rayonunda yerləşən evinin həyətindən aşkar edilərək zərərçəkənlərə qaytarılıb.
Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Məlumatı DİN-in Mətbuat xidməti yayıb.
Baki-xeber.com