Bakı şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğunun məlumatına görə, paytaxtın hüquq-mühafizə orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Nərimanov rayonu ərazisində törədilmiş qətlin üstü "isti izlər"lə açılıb.
Belə ki, iyulun 10-da saat 11 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 82 ünvanında 1951-ci il təvəllüdlü Barışov Yuriy Petroviçin üzərində zorakılıqla qətlə yetirilməyə xarakterik xəsarətlər olan meyiti aşkar olunub.
Həmin faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin əvvəllər quldurluq cinayətinə görə məhkum olunmuş Akayev Hüseyn Ramazanoviç tərəfindən törədildiyinə kifayət qədər şübhələr olduğundan, o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə Bakı Şəhər Prokurorluğunun İstintaq idarəsində istintaq tədbirləri davam etdirilir.
Baki-xeber.com