İyulun 4-də Zaqatala rayonunun Yuxarı Tala kənd sakini İlqar Davudov iyunun 26-da evindən külli miqdarda pul və qızıl-zinət əşyalarının oğurlanması barədə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. O, polisə gec müraciət etməsinin səbəbini yaxın çevrəsindən şübhələnməsi və axtarışlarının bir nəticə verməməsi ilə izah edib.
Məlumatla əlaqədar polis rəisi Adil Ələkbərovun rəhbərliyilə istintaq-əməliyyat qrupu yaradılıb. Hadisə yeri ətraflı müayinə edilib, oradan oğurluğu törədənlərə məxsus maddi sübutlar aşkar edilərək götürülüb.
"İsti izlərlə" həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Süleyman Davudov şübhəli şəxs qismində saxlanaraq RPŞ-yə gətirilib. Ətrafında aparılan tədbirlərlə onun oğurluğu Natiq və Şahin adlı həmyerliləri ilə birlikdə törətdiyi müəyyən edilib. Görülmüş tədbirlərlə Natiq İsmayılov və Şahin Harunov da saxlanaraq RPŞ-yə gətirilib.
Aparılan araşdırmalar zamanı oğurluğun törədilməsində Süleymanın həm də bələdçilik etdiyi, Şahinin isə sürücü kimi fəaliyyəti müəyyən edilib. İstintaq-əməliyyat tədbirləri ilə onların zərərçəkmişin evinə pəncərədən girərək oradan içərisində 1200 ABŞ dolları, 8000 manat dəyərində qızıl-zinət əşyalarının olduğu çantanı götürdükdən sonra istirahət guşələrindən birinə gedərək əldə etdikləri qəniməti öz aralarında böldükləri, çantanı isə şəhərin kənarından keçən Vilvan çayının kənarına atdıqları müəyyən edilib.
Çanta da maddi sübut kimi polis əməkdaşları tərəfindən həmin yerdən tapılaraq götürülüb və istintaqa təqdim olunub.
Faktla bağlı cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Natiq CAVADOV, DİN mətbuat xidmətinin əməkdaşı