Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Rauf Babayev ifadə verib.
O qeyd edib ki, "Kompas" şirkətində pulların köçürülməsi ilə məşğul olub: "Bizim nazirliklə müxtəlif layihələrimiz olurdu. Pul köçürmə ilə bağlı bizə faiz qalmayıb".
Digər şahidlərin prosesə gəlməməsi vəkillərin etirazına səbəb olub.
Hakim isə qeyd edib ki, digər şahidlərin məhkəməyə gətirilməsi üçün məcburi gətirilmə qərarı çıxarılıb.
Prosesdə V. Zeynalovun vəkili Ceyhun Yusifov Maliyyə Nazirliyinin ekspertlərinin məhkəmədə əlavə şahid qismində ifadə verməsi barədə vəsatət qaldırıb.
V. Zeynalovun digər vəkili Elxan Süleymanov deyib ki, Ticarət və Sənaye Palatasının, Maliyyə Nazirliyinin, Ədliyyə Nazirliyinin ekspert rəylərinə istinad edəndə təqsirləndirilən şəxslərin qiymətləri şişirdilməsi barədə qeydlərə rast gəlinir. Vəkil bildirib ki, həmin rəylər həqiqətə uyğun deyil: "Necə olur ki, əvvəllər də eyni şəkildə yoxlamalar aparılıb, amma bu pozuntular aşkar edilməyib? Yalnız indi, bu şəxslər həbs olunandan sonra bunlar ortaya çıxıb. Burada açıq-aydın Maliyyə Nazirliyinin qərəzi ortaya çıxır. Maliyyə Nazirliyi qeyri-büdcə təşkilatlarını yoxlamaq səlahiyyətinə malik deyil. Maliyyə Nazirliyinin alınan mallara qiymət qoymaq səlahiyyəti yoxdur, bu, birbaşa Vergilər Nazirliyinin işidir. Ona görə mühəndis-texniki ekspertizanın keçirilməsini barədə vəsatətə qaldırıram".
V. Zeynalov da qiymətlərin şişirdilməsi barədə rəylərə etirazını bildirib: "Maliyyə Nazirliyi özündən qiymətlər yazıb. Bu baxımdan biz Maliyyə Nazirliyinin rəylərini qəbul etmirik".
Vidadi Zeynalovun digər vəkili Bəylər Məmişov hüquqlarını müdafiə etdiyi şəxsin əmlakları üzərindən həbsin götürülməsi haqqında vəsatət verib. Onun sözlərinə görə, dövlətə vurulmuş ziyanın ödənilməsi üçün V. Zeynalovun iki əmlakının üzərindən həbs götürülməli və bu əmlaklar satışa çıxarılaraq ziyan ödənilməlidir. O, əmlakların dəyəri və ünvanı barədə yazılı vəsatəti məhkəməyə təqdim edib.
Məhkəmə Kollegiyası vəsatətləri hazırkı mərhələdə baxılmamış saxlayıb. Hakim qeyd edib ki, vəsatətlərə sənədlərin tədqiqi mərhələsindən sonra münasibət bildiriləcək.
Sonra sənədlərin tədqiqi mərhələsinə başlanılıb.
Məhkəmənin növbəti iclası fevralın 24-nə təyin edilib.
Bu arada, Vidadi Zeynalovun dövlətə dəyən ziyanı ödəmək üçün satışa çıxarılmasını istədiyi əmlakının ümumi dəyəri də məlum olub. Vəkil Bəylər Məmişov APA-ya açıqlamasında deyib ki, Bakının Nərimanov və Nəsimi rayonlarında yerləşən, biri yaşayış, ikisi isə qeyri-yaşayış obyekti olan əmlakın ümumi dəyəri ekspert rəyinə görə 12 milyon manat təşkil edir.
Xatırladaq ki, Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov, birliyin baş mühasibi Anar Mustafayev, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.